Siyasət 16:44 01.08.2013

“Rüstəm bəy qeydiyyata alınmasa, çətin olacaq” - AÇIQLAMA

İsgəndər Həmidov: “Milli Şura özü bunu həll etməlidir”

“Hazırda Bakıda deyiləm. Məndə olan məlumata görə, Milli Şuranın 15 üzvü Tiflisdə görüşüblər. Həmin görüş zamanı İbrahimbəyov deyib ki, Azərbaycana gələcək və vahid namizəd kimi seçkidə iştirak edəcək. Yəqin ki, görüşlə bağlı Milli Şuranın iclasında geniş açıqlamalar veriləcək”.

Bu açıqlamanı Qaynar.info-ya sabiq daxili işlər naziri, Milli Şuranın üzvü İsgəndər Həmidov verib. 

O hesab edir ki, İbrahimbəyov ölkəyə gələcək: “Rüstəm İbrahimbəyovla bağlı həbs təhlükəsinin olub-olmamasını deyə bilmərəm. Məncə, o, Azərbaycana gələcək. Bunu onun özü də deyir. Sadəcə olaraq onun ikili vətəndaşlıq məsələsi həll edilməyib deyə gecikir”.


İ.Həmidov qeyd edib ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq məsələsi həll edilməsə, yəqin ki, Milli Şura bununla bağlı qərar verəcək: “İndidən nəsə demək düzgün deyil. Milli Şura özü bunu həll etməlidir. Bunu təkcə İsgəndər və ya digərləri həll etmir, kollegial həll olunur. Rüstəm bəy qeydiyyata alınmasa, vəziyyət bir qədər çətinləşəcək. Bununla bağlı Müsavat Partiyasının da qərarı var. Qərarda göstərilir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, İsa Qəmbərin namizədliyi gündəmə gələcək. Yəni müxtəlif fikirlər var. Bunlar azad, demokratik düşərgənin insanlarıdır, ona görə də öz fikirlərini açıq şəkildə deyirlər. Amma yekdil qərar Milli Şuranın iclasında veriləcək”.

İlkin
Qaynar.info