Siyasət 10:40 17.06.2013

Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun ABŞ səfəri iyunun 16-da başa çatıb.

O, “Azadlıq” radiosunun “Azərbaycana nə vaxt qayıdacaqsınız” sualını cavablandırıb: “Mən iyunun 16-da ABŞ-ı tərk edirəm, lakin qarşıda hələ Avropa turnesi, Türkiyə səfəri var və Amerikada gördüyüm işi bu ölkələrdə də həyata keçirəcəyəm, buna çox vaxt lazımdır. Milli Şuranın işində internet vasitəsilə iştirak edirəm. İyunun 18-i və 28-i iclaslarımız var, 28-də vahid namizədin irəli sürülməsi nəzərdə tutulub. Bu 2 iclasda ola bilməyəcəyəm, amma iyulun əvvəlində Azərbaycana dönməyim istisna deyil. Bütün bunlar Milli Şuradakı vahid namizədin müəyyənləşməsindən asılıdır.

Məsələ bundadır ki, Bakıda məni gözləyən real həbs təhlükəsi var. Məni öz hakimiyyətinə təhdid kimi görən rəsmilər hər şey edə bilərlər. Mən isə hesab edirəm ki, ölkə xaricində ümumi işə daha çox fayda verərəm, nəinki ölkə daxilində məhbus kimi”.

“Azərbaycana qayıtmaqdan qorxursunuz” sualına Milli Şuranın sədri belə cavab verib: “Baxır ”qorxu" sözü ilə nəyi nəzərdə tutursunuz. 74 yaşında adam nədən qorxasıdır ki... Söhbət faydadan gedir, mən Azərbaycanda demokratiyanın inkişafı üçün ölkə xaricində daha çox fayda verə bilərəm, yoxsa Azərbaycanda türmədə. Bax bu praqmatik nöqteyi-nəzərdən mən fikirləşirəm ki, hələ Azərbaycana qayıtmayım. Həm də axı Azərbaycandan kənarda çoxlu işlərim var. Hər dəfə Azərbaycandan çıxanda və ölkəyə daxil olanda məni sərhəddə xeyli gözlədirlər. İndi də Azərbaycana getsəm, təsəvvür edin, xaricə buraxmadılar. Mənimsə Avropa Birliyində, Avropa Şurasında, Türkiyədə görüşlərim var. Qorxduğum budur, yoxsa özümə görə yox".

Xatırladaq ki, R.İbrahimbəyov iyunun 10-dan 15-nə kimi Vaşinqtonda 50-dən çox məsul şəxslə və 20 müxtəlif təşkilatlarda mühüm görüşlər keçirib. Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov isə “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, sessiyanın vaxtı iyunun 18-dən 21-nə dəyişdirilib. Sessiyaya çox ciddi hazırlıq işləri gedir: “Vaxtın dəyişdirilməsi onunla bağlıdır ki, Milli Şura təzəcə yaranıb və onun birinci sessiyasında müzakirəyə çıxarılıb həll edilməsi vacib olan təşkilati məsələlər həddən artıq çoxdur. Milli Şuranın komissiyaları, komitələri yaradılmalıdır, onların qarşısında konkret vəzifələr qoyulmalıdır. Bir neçə vacib məsələlər var. Məsələn, Azərbaycandan xaricdə yaşayan görkəmli diaspor nümayəndələrimiz də Milli Şuranın işində fəal iştirak eləmək istəyirlər, prosesə dəstək vermək istəyindədirlər. Onların da bu işə cəlb olunmasının mexanizmi və statusu müəyyənləşməlidir. İndi keçid dövrü ilə bağlı bir çox müsahibələr gedir, keçid dövrünün konsepsiyası haqda siyasi liderlər, ekspertlər danışırlar. Biz də hesab edirik ki, müəyyən bir işçi qrupu layihə hazırlayıb birinci sessiyaya təqdim etməlidir. Yəni işimizi təzə başlayırıq və müzakirəyə çıxarılası vacib məsələlər kifayət qədər çoxdur”.

Sessiyaya sədrliyi kimin edəcəyinə gəlincə, E.Namazov dedi ki, bu məsələ onlar üçün həlledici deyil: “Milli Şuranın tərkibi o qədər genişdir ki, orada görkəmli ziyalılar, siyasi partiya liderləri, tanınmış adamlar kifayət qədər çoxdur. İclasın aparılmasını biz işçi qaydada həll edəcəyik. Milli Şranın sədri özü iclaslarda iştirak edəndə bu mövzuya da yəqin ki, nöqtə qoyular”.

Növbəti sessiyada Milli Şuranın prezidentliyə namizədinin müəyyənləşməsi məsələsinin müzakirəyə çıxarılıb-çıxarılmayacağına gəlincə, E.Namazov bildirdi ki, bu, sessiya iştirakçılarında asılıdır: “Biz demokratik prinsiplərin əsasında işimizi quracağıq və müəyyən gündəlik layihəsi hazırlanıb və iştirakçılara paylanacaq, səs vermə yolu ilə də təsdiq olunacaq. Yanaşmam ondan ibarətdir ki, biz əvvəlcə keçid dövrünün konsepsiyasını təsdiq etməliyik. Vahid namizədin kim olmasından asılı olmayaraq, keçid dövrünün konsepsiyası və öhdəliklər hamı üçün eynidir. Ona görə də yəqin ki, bu sənəd hazırlanıb müzakirəyə çıxarılıb təsdiq olunmalıdır ki, onun bazasında artıq növbəti addım kimi konkret fərdlər haqqında müzakirələr aparaq”.

E.Namazov Rüstəm İbrahimbəyovun ABŞ səfəri zamanı keçirdiyi görüşlərin və Avropada keçirəcəyi görüşlərin Milli Şura üçün çox böyük əhəmiyyət daşıdığını bir daha vurğuladı. /musavat.com/

Qaynar.info