Siyasət 18:57 19.07.2013

“Rüstəm İbrahimbəyov Milli Şuranı yarı yolda qoyacaq”

“Müxalifət nümayəndələri Rüstəm İbrahimbəyovu yaxşı tanımırlar”.

Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın sədri, vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

YAP rəsmisi qeyd edib ki, müxalifət nümayəndələri Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmasına maneələrin olduğu barədə yalandan şou düzəldirdilər: “Lakin Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı olsa da, o Azərbaycanın vətəndaşlarından biridir, istənilən vaxt istədiyi yerə gəlib-gedə bilər. Yəni Azərbaycanın digər vətəndaşları arasında ona heç bir fərq qoyulmur. Sadəcə olaraq, müxalifət nümayəndələri Rüstəm İbrahimbəyovu yaxşı tanımırlar. O, bunların hamısını yarı yolda qoyacaq. Çünki Rüstəm İbrahimbəyov üçün heç nə maraqlı deyil. O özünün yeni bir şousunu yaradır və bununla da məşğul olur. Bunlar da uğursuz aktyorlar kimi, həmin şouda iştirak edirlər”.

S. Novruzov Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdıb-qayıtmamasının heç bir əhəmiyyəti olmadığını vurğulayıb: “Azərbaycan seçki sistemində namizədlər arasında sıralanma olsa, Rüstəm İbrahimbəyov axırdan birinci olacaq”.

Qaynar.info