Ölkə 12:23 17.07.2013

Rüstəm İbrahimbəyov ofisini Milli Şuraya verdi

“Milli Şuranın seçki qərargahı müvəqqəti olaraq Rüstəm İbrahimbəyovun ofisində fəaliyyət göstərəcək”. Bunu Modern.az saytına açıqlamasında Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev bildirib.

Onun sözlərinə görə, Eldar Namazovun Bakıda olmaması ilə əlaqədar seçki qərargahının yaradılması gələn həftəyə qalıb:

“Milli Şuranın seçki qərargahının bazası kimi müvəqqəti olaraq Rüstəm İbrahimbəyovun ofisi nəzərdə tutulub. Orada bir-iki otaq məhz bu məqsədlə ayrılacaq. Orada həm mətbuat xidməti yerləşəcək, həm də vacib işlər görüləcək. Bu, müvəqqəti nəzərdə tutulub. Eldar Namazov Bakıya qayıdandan sonra başqa variantlar da var, onları müzakirə edəcəyik”.

Z.Quliyev hesab edir ki, Rüstəm İbrahimbəyovun seçki qərargahı gələn həftə rəsmən elan olunacaq.

“Bu məsələnin iyulun 16, 17-si üçün həll olunması nəzərdə tutulmuşdu. Eldar Namazovun Amerika səfərini nəzərə alaraq bir-iki gün bu işdə ləngimə oldu. Ayın 18-i Eldar müəllim Amerika səfərindən qayıdan kimi bu məsələlərlə məşğul olacaq. Güman edirəm ki, gələn həftənin əvvəli bu məsələ öz həllini tapacaq, mətbuata da məlumat veriləcək”-deyə Z.Quliyev bildirib.


Qaynar.info