“Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşıdır və seçkilərdə də iştirak edib”.
Bu sözləri Modern.az saytına “El” hərəkatının təşəbbüs qrupunun üzvü Eldəniz Quliyev bildirib. E.Quliyev üzvü olduğu Azərbaycan Ziyalılar Forumunun lideri, kinodramaturq Rüstəm İbrahibəyovun indiyədək Azərbaycanda keçirilən seçkilərdə iştirak etməməsi haqda deyilən iddiaya da aydınlıq gətirib.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rüstəm İbrahimbəyova “heç ömründə bir dəfə də olsa, Azərbaycanda keçirilən seçkilərdə iştirak edibmi” sualı ünvanlamışdı. Həmin suala Eldəniz Quliyevin cavabı belə olub:
“Biz ciddi işlə məşğuluq. Siyavuş Novruzovun səviyyəsinə düşmək istəməzdik. Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşıdır, seçkilərdə də iştirak edib. Buna heç kimin şübhəsi olmasın”.
E.Quliyev qeyd edib ki, Siyavuş Novruzovun kiməsə sual vermək haqqı yoxdur. Ancaq “El” rəsmisi öz növbəsində YAP-çı deputata bir neçə sual ünvanlayıb: “Siyavuş Novruzovdan soruşmaq lazımdır ki, seçkidə iştirak etmək istəyən demokratik düşüncəli insanların siyahısını niyə gizlədirlər? Camaat səs verə bilmirdi. Siyavuş Novruzov cavab versin ki, Azərbaycanda seçkiləri niyə saxtalaşdırıb, bütün dünyada bizi biabır edirlər? Yalanı niyə dövlət siyasətinə çeviriblər? Əslində Siyavuşun sual verməyə mənəvi haqqı yoxdur. O özü bir çox suallara cavab verməlidir. Bir dəfə güzgüyə baxsın ki, üzü maskalanıb bu adamın”.
E.Quliyev Rüstəm İbrahimbəyovun adının Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi seçki siyahısında olub-olmadığı haqda suala belə cavab verib: “Bu haqda dəqiq bilgim yoxdur. Amma Rüstəm bəy səs verib. O səs verməsə də, onun səsindən daha çox nəfəsi Azərbaycan üçün kifayətdir. Vallah biabırçılıqdı. Siyavuş Novruzov, Hafiz Hacıyev, Etibar Hüseyov bizi bezdiriblər, təngə gəlmişik bunların mənasız sözlərindən”.
Yeri gəlmişkən, tərəflər arasındakı bu qarşılıqlı ittihamlardan sonra Mərkəzi Seçki Komissiyasının internet saytında Rüstəm İbrahimbəyovun hansı seçki dairəsində qeydiyyatda olduğunu dəqiqləşdirməyə çalışdıq. Paytaxtın bütün rayonları üzrə axtarış versək də, R.İbrahimbəyovun adına rast gəlmədik.
Qaynar.info
Şərhlər