Ölkə 18:32 06.02.2013

Rüşvət alan professor məhkəmə qarşısına çıxdı

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə M. İmanlı ifadə verib. O, ifadəsində peşman olduğunu deyib: “Mənim səhvim onda oldu ki, bu cür insanlara vaxt ayırdım. Mənim təqsirim ondadır ki, səmimi olmuşam. Ümid edirəm ki, məhkəmə istintaqında bütün məsələlərə aydınlıq gətiriləcək. Mən sizin ədalətinizə inanıram. O adamın mənə qarşı elədikləri böhtandır. Bizim aramızda universitetə qəbul olunmaqla bağlı söhbət olmayıb”.
 
Daha sonra M. İmanlı dövlət ittihamçısının, vəkillərin və hakimlərin suallarını cavablandırıb. O, suallara cavab olaraq bildirib ki, universitetə tələbə qəbul eləmək kimi səlahiyyəti olmayıb: “Hər hansı ikinci ali təhsillə bağlı heç kimə də vəd verməmişəm ”.
 
Sonra prosesdə hal şahidi Abdul Vəlizadə ifadə verib. Şahid bildirib ki, həmin vaxt prokurorluq orqanının əməkdaşları ondan hal şahidi olmağı xahiş ediblər, o da qəbul edib: “Hadisə vaxtı mən kənardan müşahidə edirdim. Gördüm ki, Məhəmməd İmanlı evinin yanında maşına əyləşdi. Maşında olan adamla bir qədər söhbət edəndən sonra əlində ağ rəngdə bağlama düşüb evə getdi. Sonra da həmin bağlama onun evindən götürüldü”.
 
Prosesdə şahid Ziya Süleymanov da ifadə verib. O, bildirib ki, özəl universiteti bitirdiyi üçün ikinci ali təhsil almaq istəyib: “Mən Bakı Dövlət Universitetinə gələrək tələbələrlə söhbət etdim. Onlar da dedilər ki, bu işdə Məhəmməd İmanlı kömək edə bilər. Mən də onun telefon nömrəsini tapıb zəng etdim. Razılaşdıq və görüşdük. Əvvəlcə dedi ki, bu çətin işdir. Birinci görüşdə aramızda pul söhbəti olmayıb. Lakin sonradan məndən sənədlərimi istədi. Daha sonra isə dedi ki, 40 min manat versən bu iş düzələr. Lakin gördüm ki, məni aldadır. Mən də Baş Prokurorluğun qaynar xəttinə zəng edib məlumat verdim”.
 
Proses fevralın 12-də davam etdiriləcək.
 
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Məhəmməd İmanlı külli miqdarda rüşvət alan zaman cinayət başında saxlanılıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
 
Müəyyən edilib ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
 
M.İmanlının yaşadığı evə baxış keçirilərkən sonuncu Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40.000 (qırx min) manat pulu təqdim edib, həmçinin yaşadığı evdən müxtəlif əsginaslarla ümumilikdə 79.300 (yetmiş doqquz min üç yüz) ABŞ dolları, 61.260 (altmış bir min iki yüz altmış) manat, 13.020 (on üç min iyirmi) avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
 
Həmin fakta görə Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. M.İmanlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, M.İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasında müəllim, baş müəllim, dosent, həmçinin 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləyib.