İdman 12:09 20.12.2017

Rövnəq Abdullayev: "Stadion adlarını satacağıq"

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az xəbər verir ki, toplantıdan sonra assosiasiyanın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, milli komandaların yaşaması üçün bazanın açılışını ediblər: "Burda bir komandanın yaşaması və məşq etməsi üçün hər bir şərait yaradılıb. Həmçinin, gələcəkdə "Səbail” də burdan istifadə edəcək. Bu, UEFA-nın dəstəyi nəticəsində başa gəlib. Bütün maliyyə qitə futbol qurumu tərəfindən ödənilib. Bu, UEFA-nın hədiyyəsidi”.

Abdullayev bildirib ki, iclasda oyun alveri ilə bağlı da fikir mübadiləsi aparılıb: "Manipulyasiya ilə bağlı bizə məlumat verildi. UEFA hətta regional oyunları da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu barədə məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidi. Keçən il bu qanun qəbul olundu. Bu, artıq cinayət məsuliyyəti daşıyır. "Keşlə”nin 2 futbolçusu və "Neftçi”nin bir məşqçisi artıq prokurorluğa verilib. UEFA tərəfindən ayrılmış maliyyə ilə Sumayıtda 2 və Bakı Olimpiya Stadionunda təbii örtüklü meydança salınacaq. Region Liqasının başlanması ilə bağlı hesabat da verildi. Bu yarışa maraq çox böyükdü. Azərbaycanı əhatə edən yarışlar olacaq və futbolun inkişafına təkan verəcək”.

- "Kəpəz”də aparılan yoxlamanın nəticəsi açıqlanmadı...
- Əfsuslar olsun ki, bizim nümayəndə tərəfindən pozuntuya cəhd olunmuşdu. Yoxlamanın nəticələri ilə tanış olduq və bir neçə nəfəri işdən azad etdik. Sistemi elə qurmaq istəyirik ki, şəffaf olsun. Yenə manipulyasiya məsələsinə qayıdıram. Həmin şəxslər barədə qəti tədbir görüldü. Bu, belə də davam edəcək. UEFA nümayəndələri ilə görüşəndə deyildi ki, Şərqi Avropa ölkələrində də bu hallar var. Amma Avropanın mərkəzində bunun kökünü kəsdilər. Bu, klubda olan bəzi insanlara qarşı oldu. Çalışırıq ki, futbolumuza haram qatılmasın.

- Növbəti mövsüm üçün Premyer Liqa klublarının sayının artırılması müzakirə olundumu?
- Keçən il də demişdim ki, 10 komandaya çatdırmaq istərdim. 9-a çətinliklə çatdırdıq, 8 komanda ilə başladıq. İqtisadi cəhətdən müəyyən çətinliklər oldu və sponsorlar futboldan getdi.

- Bəlkə lisenziya şərtlərini asanlaşdırmaq lazımdı?
- Bu, UEFA-nın tələbidi. Komandaları sponsorlar yarı yolda qoyub getməməlidi.

- Region Liqasından diviziona çıxan komanda olacaqmı?
- Bəli, 1 komanda çıxacaq. I divizionu da sonuncusu ora düşəcək. Həmçinin, I diviziondan 1 komanda Premyer Liqaya çıxacaq.

- Bəlkə Topazın Premyer Liqanın sponsoru olması manipulyasiya məsələsində problem yaradır?
- Xeyr, belə şey ola bilməz. Çörək yediyin qaba tüpürmək haramdı.

- Çempionatda Bakı klubları daha çoxdu. Bu, nə dərəcədə qanunauyğundu? Olmaz ki, "Zirə”nin, "Səbail”in yerinə Tovuz klubu Premyer Liqaya çıxsın?
- Sovet düşüncəsindən çıxmaq lazımdı. Bayılda futbol olmamalıdı? Bu klubların hər birinin öz sponsoru var. "Turan” I divizionda oynayır. Biz onlara I divizion səviyyəsində sponsorluq edirik. Tovuzda heç kim komandaya yaxın durmur.

- Futboldan uzaqlaşdırılanlar barədə konkret səbəb göstərilmədi...
- Özləri etiraf etdilər. Bu, böyük sistemdi, iş davam edir. Futbolda məşğul olan insanların bu işi görmək ixtiyarları yoxdu. Böyük iş apardıq. UEFA-dan məlumatlar gəlirdi. "Rəvan”, "Bakı” var idi. UEFA tələb qoydu ki, çempionatdan çıxarılmalıdı. Amma indiki fərdi şəxslərlə bağlıdı.  

- Mehdi Hüseynzadə adına stadionun SOCAR tərəfindən təmir ediləcəyi deyilir...
- Xeyr, belə bir şey yoxdu. Bütün arenaların adları kommersiya xarakterli olacaq. Bayıldakı stadiona da sponsor axtarırıq. Kim istəyirsə, sponsorluq edib, atasının adını stadiona qoysun (gülür). Mehdi Hüseynzadə ilə bağlı nəsə etməyi düşünürük. Bu gün də bunun müzakirəsi oldu. Orda 10 minlik stadionun tikilməsi məsələsinə baxmağı düşünürük. "Sumqayıt” rəhbərliyi də deyir ki, çox adam oyun vaxtı ayaq üstə baxır. Buna maliyyə axtarırıq. 

- Bu gün Anatoli Banişevskinin adını daşıyan hansısa stadion yoxdu...
- Banişevski də var, Kazbek Tuayev də var. Stadion adları ancaq kommersiya məqsədli olacaq. Banişevski ilə bağlı həmişə böyük tədbirlər keçirmişik. Stadion adlarını satacağıq ki, sponsor arenaya maliyyə ayırsın.  (apasport.az)