Siyasət 11:25 23.03.2013

Saakaşvili: “Bu yol açılsa, Azərbaycan mühasirəyə düşər”

Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, baş nazir Bdzina İvanişvilinin və kabinetinin Abxaziyadan keçən dəmiryolunun açılmasına dair təşəbbüsləri təhlükəlidir. 

“İmedi” telekanalına müsahibəsində Saakaşvili deyib: “Bu yolun açılması Gürcüstanın və Azərbaycanın maraqlarına o dərəcədə ciddi təhlükə təşkil edir ki, onun barəsində danışmaq belə olmaz, o ki qaldı planlar qurmağa”. 

Saakaşvili xatırladıb ki, 2008-ci ildə Rusiya bu yolla Gürcüstana tankları yeritmişdi: “Bu dünən baş verib, ikincisi bu dəmiryolunun açılması ilə Azərbaycan mühasirəyə düşür. Biz Ermənistanla yaxşı münasibətlərə malik olmaq istəyirik. Bundan ötrü Lars sərhəd-keçid məntəqəsini açmışıq və Lazika üzərində işləmişik”. 

Gürcüstan prezidenti onu da qeyd edib ki, aprelin 9-da Ermənistana səfər etmək və prezident Serj Sərkisyanın inaqurasiyasında iştirak etmək niyyətindədir. /musavat.com/