Dünya 10:55 09.02.2013

Saakaşvilidən qorxunc proqnoz - FOTOLAR

Gürcüstanın yeni hökuməti əvvəlki hakimiyyətin uğurlarından yararlanmalı və ölkənin inkişfında daha böyük uğurlara nail olmalıdır.

Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə əhalisinə müraciətində deyib. Onun sözlərinə görə, yeni hökumət unun əvəzində Gürcüstanın keçmiş rəhbərliyinin bütün nailiyyətlərini alt-üst edir, üstəlik, bütün bunlar siyasi motivlərlə baş verib. Mixail Saakşvili bildirib ki, Bidzina İvanişvili hökuməti bütün infrastuktur layihələrini dayandırıb.

Prezidentin sözlərinə görə, Bidzina İvanişlivi hökumətə gəldikdən sonra Batumi şəhərinin büdcəsi üç dəfə azaldılıb, Lazika limanının inşası dayandırılıb. Mixail Saakaşvili qeyd edib ki, bu liman Qərbi Gürcüstanın, eləcə də, bütövlükdə ölkənin inkişafı üçün yeganə şansdır. “Artıq inşa edilmiş Anakliya insafsızcasına dağıdılır. Bütün sahilbərkitmə işləri, mehmanxana və yol tikintiləri dayandırılıb”, - prezident əlavə edib.

Mixail Saakaşvilinin sözlərinə görə, yeni hökumət Qars-Axalkalaki dəmiryolu magistralının inşasını sual altında qoyub. Bu magistral Gürcüstanı Türkiyə ərazisi vasitəsilə Avropanın dəmiryolu şəbəkəsi ilə birləşdirməlidir. Mixail Saakaşvili onu da bəyan edib ki, hökumət Abxaziya ərazisində dəmiryolunun bərpasına qarşı deyil. Halbuki, bu, Gürcüstan üçün heç bir iqtisadi səmərə verməyəcək: “Bu yol Rusiya üçün, onun Qafqazda ekspansiyası üçündür”.

Gürcüstan prezidenti yeni hökuməti “separatçı liderləri, Rusiya casuslarını və ekstremistləri” həbsdən buraxmaqda ittiham edib. Onun sözlərinə görə, Gürcüstanın güclü əks-kəşfiyyat sistemi dağıdılır və Gürcüstan köməksiz vəziyyətə düşəcək.

Qeyd edək ki, prezidentin çıxışı zamanı onun Tiflisdəki iqamətgahında diplomatik korpusun nümayəndələri iştirk ediblər və binanın bütün perimetri polis tərəfindən mühasirəyə alınıb. Bundan üç saat əvvəl Mixail Saakaşvili Tiflisdəki Milli kitabxananın binasından xalqa müraciət etməli olsa da, əleyhdarları prezident tərəfdarlarını kitabxananın binasına buraxmayıblar. Ciddi qarşıdurma yaranıb, Mixail Saakaşvilinin partiyasından olan bir neçə deputat, o cümlədən, Tiflis meri Gigi Uqulava xəsarət alıblar. (ANS PRESS)