Dünya 21:51 28.06.2013

Saakaşvilinin partiyası parlamenti tərk edir

Gürcüstanda prezident Mixeil Saakaşvilin Vahid Milli Hərəkat partiyasından olan millət vəkilləri iyunun 28-də parlamenti tərk ediblər. Onlar bununla həmin partiyanın bir neçə tanınmış üzvünün həbsinə etiraz edirlər.

Təşkilatın lideri jurnalistlərə bildirib ki, hökumət planlı şəkildə bu partiyanı dağıtmaqla məşğuldur.

Dünən Tbilisi meriyasında rəsmilərdən 4 nəfəri mənimsəmə və maliyyə pozuntuları ittihamları ilə həbs ediliblər. Vahid Milli Hərəkat partiyasından olan mer Gigi Ugulava bunu hökumətin onun partiyasını dağıtmaq istiqamətində daha bir addımı adlandırıb.

Keçən ilin oktyabrında gürcüstanda keçirilən parlament seçkisini müxalifət koalisiyası udub. Bundan sonra hökuməti formalaşdıran müxalifət prezident Mixeil Saakashvilinin yaxın çevrəsindən xeyli adamı korrupsiya və başqa qanunsuz əməllərdə ittiham edərək həbs etdirib.

Baş nazir Bdzina İvanişvili ötən bazar ertəsi hətta prezident Mixeil Saakaşvilinin də həbs oluna biləcəyini istisna etmədiyini bildirib.

Saakaşvili və tərəfdarları isə ittihamları əsassız adlandırır və hökumətin siyasi qisasçılıq etdiyini bildirir.