Ölkə 20:04 16.05.2013

Sabir Rüstəmxanlı müxalifəti tənqid etdi

“Müxalifətdə olan bəzilərinin iddiaları bu düşərgənin bir araya gəlməsinə imkan vermir”

“Müxalifət daxilində sanki bir savaş gedir. Bir-birini əzirlər və heç iqtidara qarşı bu qədər qərəzli deyillər”. APA-nın məlumatına görə, bunu “Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdəki çıxışında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

 O bildirib ki, müxalifətin vəziyyəti heç də ürəkaçan deyil və buna səbəb də müxalifətin elə özüdür: “Mən də müxalifətdəyəm, lakin bir yazıçı olaraq özümə də müxalifəm. O ki qaldı Azərbaycan müxalifətinə, ola bilsin təşkilatlanma zəifdir, bir araya gələ bilmir, lakin hər halda, müxalifət mövcuddur. Ancaq təəssüf ki, müxalifət geniş anlamda bir araya gələ bilmir”.

S.Rüstəmxanlı seçkilərə az vaxt qalmasına baxmayaraq, vahid namizədlə bağlı qarşıya çıxan problemlərdən də danışıb: “Prezident seçkilərinə dörd ay qalıb. İndi deyirlər ki, müxalifət təcili birləşsin və bununla da qarşıdan gələn seçkilərə birgə vahid namizədlə gedək. Mən uzun illərdir birlik üçün öz təkliflərimi vermişəm və danışıqlar aparmışam. Bu təşəbbüsdə başqaları da olub. Hətta təklif etmişdim ki, seçkidən sonra dərhal toplaşıb, gələn seçkilər üçün gücümüzü birləşdirək. Lakin bu olmadı. İndi seçkilərə dörd ay qalıb və “gəlin birləşək” deyirlər. Yenə deyirəm, müxalifət var, amma müxalifətdə olan bəzilərinin iddiaları bu düşərgənin bir araya gəlməsinə imkan vermir”.

Qaynar.info