Ölkə 17:37 23.06.2018

Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib (AÇIQLAMA)

Bəzi informasiya vasitələrində Sabirabad rayonunda pambıqçıların zəhərlənməsi ilə əlaqədar əsası olmayan məlumatlar yayılıb.

Qaynarinfo xəbər verir ki, MKT İK MMC-nin Sabirabad filalının direktoru Ramin Əsədov xəbəri təkzib edib.

"MKT İstehsalat Komersiya MMC-nin Sabirabad filialının Muğan Gəncəli kəndinin ərazisində fermerə məxsus 40 hektarlıq pambıq sahəsində 6 iyun 2018-ci il tarixdə mənənə-tripis ziyanvericilərinə qarşı dərmanlama aparılıb, sonrakı günlərdə heç bir dərmanlama işləri keçirilməyib. Həmin vaxtan iki həftə müddət  keçmiş, fəhlələr bir həftədir ki, göstərilən sahədə becərmə işləri ilə məşğuldur. 

23 iyun tarixində həmin sahədə işləyən 21 nəfərdən 6-sı Sabirabad Mərkəzi rayon Xəstəxanasına müraciət edərək özlərini pis hiss etdiklərini bildirmişlər. Həkimlər tərəfindən həmin pambıqçılarda olan əlamətlər günvurma simtomlarına uyğun olduğu üçün həmin təyinat üzrə proflaktiki tədbirlər görülüb.

Hazıda onların vəziyyəti normaldır, evlərinə buraxılıblar. Bir daha bildirirəm ki, bu məlumat tamamilə qərəzlidir və heç bir fakta əsaslanmayan uydurmadır".