İdman 11:30 01.10.2018

Şahmat millimiz üçün Olimpiadada həlledici görüş

Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Qaynarinfo xəbər verir ki, keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq 12 xalı aktivinə yazan kişilərdən ibarət yığmamız özü kimi maksimum nəticə göstərən Polşa ilə qarşılaşacaq. Bu görüş liderlik baxımından həlledici ola bilər.

Polşa ilə qarşılaşmada dördüncü xanadakı şahmatçımız Rauf Məmmədov istirahət edəcək. Onu Eltac Səfərli əvəzləyəcək.

Polşa - Azərbaycan
Yan-Kjıştov Duda - Şəhriyar Məmmədyarov
Radoslav Voytaşek – Teymur Rəcəbov
Yatsek Tomçak - Arkadi Naydiç
Kamil Draqun - Eltac Səfərli

Qadınlardan ibarət millimiz isə İtaliya ilə qarşılaşacaq. Qadın komandamız indiyədək 10 xal qazana bilib və 7-ci pillədə qərarlaşıb. Bu dəfə əvvəlki altı görüşdə iştirak etmiş beynəlxalq usta şahmatçımız Gülnar Məmmədova istirahət edəcək. 

İtaliya - Azərbaycan
Olqa Zimina - Günay Məmmədzadə 
Yelena Sedina - Zeynəb Məmmədyarova
Deziree di Benedetto - Xanım Balacayeva
Marina Brunello - Ülviyyə Fətəliyeva

Qeyd edək ki, hər iki görüş bu gün saat 15.00-da başlayacaq.