Şamaxıda sürüşmə sahələri yenidən aktivləşib. Torpaq axını son günlər yağan yağışlardan sonra daha da artıb. Artıq yaşayış olan bir neçə evdə divarlar ortadan çatlayaraq qəzalı vəziyyətə düşüb.

Şamaxının 48-A məhəlləsindəki sürüşmə sahəsində yeni çatlar əmələ gəlib, əvvəlki çatların ölçüləri isə bir qədər də artıb.

Son günlər yağan yağışlardan sonra ərazidə sürüşmə aktivləşib. Bir neçə ev yararsız vəziyyətə düşüb.

Sürüşmə sahəsindəki bəzi evlərdə yaşamaq qeyri-mümkün olub. Ərazidə yeraltı qrunt suları da üzə çıxıb. Nəticədə sürüşmə daha da aktivləşib, torpaq kütləsi evlərə qədər gəlib çatıb. Evləri qəzalı vəziyyətə düşmüş 5-6 ailə müvəqqəti olaraq qohumlarıgilə köçmək qərarına gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları Şamaxı və İsmayıllıda mövcud olan sürüşmə zonalarına baxış keçiriblər. Müşahidələrin nəticəsinə uyğun olaraq təkliflər hazırlanıb aidiyyəti qurumlara göndəriləcək.