Dünya 12:20 18.02.2018

Sarkisyan: "Biz Türkiyəni əbədi gözləyə bilmərik"

Türkiyə Ermənistanla sərhədləri bağlı saxlamaqda davam edir.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"Burada zaman sanki dayanıb. Əminliklə deyə bilərəm ki, Ermənistan bu vəziyyətdən çıxmaq üçün əlindən gələni elədi. Mənim təşəbbüsümlə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi həm bizim ölkələr, həm də region üçün yeni imkanlar yarada bilərdi”, - Sarkisyan deyib.

Onun sözlərinə görə, bununla belə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair protokollar yalnız kağızda qaldı:

"Türkiyə bu protokolları ratifikasiya etmədi və  sənədlərlə heç bir əlaqəsi olmayan şərtlər irəli sürdü. Bu, tarixi fürsəti qaçırmaqdan başqa bir şey deyil”.

"Azərbaycan Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz Türkiyədən cavab addımlarının atılmasını əbədi gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb”, - Ermənistan prezidenti qeyd edib.

"Əgər Türkiyə yeni şərtlər gözləyirsə və yalnız ondan sonra protokolları ratifikasiya etmək istəyirsə, yanılır. Yeni şəraitdə danışıqlar artıq yeni sənədlə aparılacaq. Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək”, - deyə Sarkisyan çıxışı zamanı bildirib.