Siyasət 16:42 03.06.2013

Şarl de Qoll və Rəcəb Tayyib Ərdoğan

Siyasət tarixi paralelləri sevir. Formasiyalar dəyişsə də hər dövr özünün hansısa elementinə görə keçmişin təkrarına çevrilir. Məhz ona görə də “hər bir təzə, yaxşı unudulmuş köhnədir” deyirlər. İndi Türkiyədə yaşanan son hadisələr bəzi parametrlərinə görə 2-ci cahan savaşından əvvəlki və sonrakı Fransanı xatırladır. Daha doğrusu, o illərin epoxal dəyişiliklərini, millətin “parodoksal” rəyini və Şarl de Qollun həyatını.

Polkovnik olaraq cəbhədə savaşan və faşizmə qarşı müqavimətin önündə gedən bir hərbçinin həyat yolu onu böyük siyasətin içərisinə itələyir. 1940-cı ildə Çörçillə görüşən Qoll “Azad Fransa” ilə ölkəsinə dönür və hakimiyyətin real sahibinə çevrilir. Baxmayaraq ki, iqtidardakı qüvvə ayrı idi. Sonralar imperiya dövlətinin müxtəlif vəziyyətləri fonunda onun da səlahiyyətləri dəyişir. Fransa Nazirlər Şurasının sədri kolonial bir rejimin yaşaya bilməyəcəyini aydın dərk edir. Əlcazairdə və digər Afrika əyalətlərində başlanan üsyanlar fonunda de Qoll 1946-cı il seçkilərini qazana bilmir. O, kiçik bölgələrdən birinə çəkilir və aktiv fəaliyyətdən imtina edir. Məhz onda Hitlerin məğlubiyyəti və Fransanın işğaldan azad olması fonunda bu böyük siyasət adamı və hərbi strateqi öz şəxsi hünərini və şücaətini qabartsa da nə xalq ona qədirbilənlik edir, nə də ki, beynəlxalq müttəfiqlər.

Məhz onda Qoll məşhur frazasını söyləyir: "Amerika böyük işlərə kiçik hisslər və mürəkkəb siyasət qatır”! Yəni bununla da müharibə qənimətindən kənarda qalan bir dövlətin sonradan Qərb hərbi alyansı ilə münaqişələrinin əsası qoyulur. Lakin mətləbdən uzaqlaşmayaq-de Qoll, müharibənin uğurlu sonluğunda xalqdan səs ala bilmir. Seçkilərdə kommunistlər real qüvvəyə çevrilir. General kənara çəkildiyi o illəri Napoleon Bonapartın sürgünü ilə müqayisə edirdi. Çünki müharibə qalibini xalq məğlub etmişdi. Düzdür, sonralar o, yenidən ölkə rəhbərliyinə qayıtdı və uzun illər dövlətin həyatında mühüm rol oynadı, lakin tərcümeyi-halının bu məqamı ona bir dərs oldu.

Sayın Ərdoğan yüz minlərlə etirazçını meydanlarda qoyub inqilab ünvanlarına gedir. Burda rəmzi bir əlaqə varmı, deyə düşünsək, cavabını zaman verəcək. 5 seçkiləri qazanmış bir qüvvə “hər cür baharı adlamışıq” deyir. Lakin insan cəmiyyəti çox mürəkkəb mahiyyətə malikdir. Onlar bəzən cənnətdə yaşaya bilmirlər. Adamların nəinki əqidəsi, eləcə də ictimai zövqü və həyat keyfiyyəti saniyələr ərzində dəyişir. Liderin gücü ictimai ruhu hiss etməsindədir. Qustav Lebon deyirdi ki, kütlə meydanlara çıxmamış onunla danışmaq lazımdır. "Mənim 160 polisim” ifadəsi bölücü bir yanaşmadır və əgər xalq rəsmi qurumları əzirsə, bu bir siqnal olmalıdır. Rəhbər təkcə komandasını deyil, düşərgənin o biri tərəfini də düşünməyi və qorumağı bacarmalıdır. Nə qədər iqtisadi güclər, iri maliyyə dairələri və beyin mərkəzləri səni müdafiə etsə də Türkiyənin Suriyaya bənzəməsinə yol vermək olmaz. Çox mühüm bir dövrdə, regional geosiyasətin həlledici anında və daxili terrorun sona yetirildiyi bir zamanda cəmiyyətdəki daşları tərpətmək və ictimai müqaviləni pozmaq olmaz. Əgər məhkəmənin qərarı indi çıxıbsa, güclü lider hüquqa hörmət etdiyini birinci özü göstərməlidir. Vaxtilə məhkəməni dəyirmançıya uduzan böyük Fridrix kimi. Ona görə səhvdən geri durmağın özü də bir qəhrəmanlıqdır.

De Qoll və Ərdoğan tarix yaratmış insanlardır. Lakin siyasətin taxt-tacı ilə yanaşı, bir sürgünü də var! Bu gün getdiyin ərəb başçılarının taleyi kimi!Ərdoğan türkün liderliyindən bir partiyanın başçılığna enəcəksə, Helmut Koll kimi “yekə gövdəsi və irəli çıxan qarnı” xalqın gözünə daha çox görünəcək! Onda sələfləri kimi onu da özünün bu gün dediyi “təncərə tava, hep aynı hava” onu da gözləyəcək!

Zahid Oruc

Qaynar.info