İdman 21:35 18.06.2019

"Səbail"in baş məşqçisi: "Rəqibin heyəti bizdən daha üstündür"

"Gözlədiyimiz rəqiblərin arasında ən güclüsü bizə qismət oldu. Bu isə bizə daha ciddi hazırlaşmağa əlavə motivasiya verir. Bilirik ki, bizi iki çətin qarşılaşma gözləyir".

Qaynarinfo xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının I təsnifat mərhələsinin püşkatması nəticəsində rəqib olduqları Rumıniya "Krayova"sı barədə danışarkən deyib.

38 yaşlı mütəxəssis bildirib ki, "Krayova" ölkəsində köklü klublardan hebab olunur: "Hazırda onlar barədə daha çox informasiya toplamağa çalışırıq. Ən yaxşı şəkildə hazırlaşıb futbolçuları həm psixoloji, texniki, taktiki və həm də fiziki cəhətdən oyunlara hazır etməliyik".

Hacıyev deyib ki, Avropa Liqası başqa bir səviyyədir: "Bu turnirdə heç bir rəqibi zəif adlandırmaq olmur. Hər kəs öz ölkəsinin sayılıb-seçilən komandasıdır. Düşünürəm ki, hər şeyə hazır olmalıyıq. Futbolçularım da bu məsuliyyəti dərk edirlər. Onlarla da söhbətimiz olacaq. Çalışacağıq ki, matçlara düzgün hazırlaşacaq".

Məşqçi heyət baxımından rəqibin daha üstün olduğunu etiraf edib: "Rəqibin heyəti bizdən daha üstündür. Nəinki daha, hətta xeyli üstündür. Kifayət qədər keyfiyyətli oyunçuları var. Bizim də bəzi mövqelərimizdə çatışmazlıqlarımız var. İstəyirik ki, həmin mövqelərə daha səviyyəli və keyfiyyətli oyunçular cəlb edək. Hər bir klub isə öz imkanlarına görə güclənə bilər. Biz də çalışırıq ki, buna görə addım ataq. İndi problem olan mövqeyimiz müdafiənin mərkəzidir. Axtarışdayıq və namizədlər də var. İstəmirik ki, qərarımızda hansısa səhvə yol verək. Çalışırıq ki, ən minimal imkanlarla daha keyfiyyətli oyunçu əldə edək". 

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.