Dünya 15:41 15.02.2019

Səddamın nəvəsi dəhşətli gecədən danışdı: İraqdan necə qaçıblar?

İraqın sabiq lideri Səddam Hüseynin qız nəvəsi Hərir Hüseyn Kamil "Səddamın Nəvəsi" adlı kitabı barədə müsahibə verib.

Qaynarinfo xəbər verir ki, Səddam Hüseynin qızı Rağadın övladı olan Hərir Hüseyn kitabda 2003-cü ildə ABŞ işğalından sonra ölkəni necə tərk etmələrindən danışıb:

"Ölkəni tərk edən gün hava soyuq və qaranlıq idi. Səddamın qızları Rağad və Rənanın övladları ilə birlikdə Mosulda olmaları barədə xəbər yayılmışdı. Biz uşaqlar və qadınlar təhlükəsizlik səbəbilə İraq-Suriya sərhədini piyada keçmək məcburiyyətində qaldıq. Suriya qüvvələri ərazidə insan olduğunu görsəydi, atəş açacaqdı. İraq pasportuna sahib deyildik. Daha sonra İordaniya bizə sığınacaq, ərəb pasportu, aylıq maaş və ev verdi. Evlənən və təhsil üçün xaricə gedənlərdən başqa Səddam Hüseynin digər qohumları hələ də bu imtiyazlara sahibdir. İngiltərə də bizə siyasi fəaliyyətlə məşğul olmamaq şərti ilə sığınacaq təklif etmişdi".

Kamil ailə üzvləri və qohumlarının ölüm hədələri aldığını bildirib. "Səddamın Nəvəsi"ndə həmçinin Səddam Hüseynin edamı, Hüseyn ailəsinin xatirələri, ABŞ işğalı dövrünün analizi və s. mövzular yer alıb. Kitab ötən aylarda Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən 37-ci Beynəlxalq Kitab Sərgisində təqdim edilmişdi.

Gülşən