Ölkə 18:56 21.02.2019

Səhiyyə Nazirliyi qəzada yaralananlar barədə: Aralarında hamilə qadın da var

Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb:"Yaralıların biri isə hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var".

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib. Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.