Video 18:12 16.01.2019

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı bəyanat yaydı (VİDEO)

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə "donuz qripi" virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. 

Nazirlikdən Qaynarinfo-ya daxil olan bəyanatda bildirilib ki, bu barədə yayılan məlumat həqiqətəuyğun deyil. 

Qeyd olunub ki, ölkədə "donuz qripi" virusu yayılmayıb: "Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır". 

Qeyd edək ki,  təhsil naziri Ceyhun Bayramov hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmrindən sonra şəxsiyyəti məlum olmayan bir xanım "Whatsapp”da səs yayaraq bunun hansısa virusla bağlı olduğunu iddia edib: "Donuz qripi" ilə bağlı yalnız uşaqları tutan virus göndərilir. Kimin körpə uşağı varsa hamısını xəbərdar edin, heç evin eyvanına da çıxmasınlar. Həyətə çıxmayın, qapını açmayın, pəncərələri açıb evi havalandırmayın".