Sənət 19:17 31.08.2017

Şəhriyar Del Gerani "Xalqın şairi" layihəsində

ARB telekanalında yayımlanacaq "Xalqın şairi" layihəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, müzakirələr əsasən müğənni Elza Seyidcahanın da münsiflər heyətinin tərkibinə salınması ətrafındadır. 

Bu gün isə tanınmış şair Şəhriyar Del Geraninin bu müsabiqəyə qatılmaq qərarı verməsi layihəni daha da diqqət mərkəzinə gətirib.

Şəhriyar bu barədə öz "Facebook" səhifəsində paylaşıb.

"ARB Tv-də yayınlanacaq "Xalqın şairi" layihəsində qeydiyyatdan keçdim. Təşkilat komitəsi sağ olsun, müraciətimi qeydə aldılar. Düzdü, ilk öncə bu yarışmaya qoşulmaq istədiyimi biləndə bir qədər təəccüb etdilər. Amma zənnimcə, burda təəccüblü heç nə yoxdur. Mənim üçün çox xoşdur belə bir layihədə iştirakçı olmaq. Mən heç kəsdən artıq deyiləm. Ustad Füzuli demiş, "kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz". Məhz bu kontekstdə hansısa ustalıqdan söhbət gedə bilər. Onu da zaman göstərəcək. Bütün qələm dostlarıma uğurlar arzu edirəm. Münsiflər heyəti də kifayət qədər adekvat seçilmiş. Hər dörd nəfər xüsusi hörmətim olan şəxsdir. Baba və Qulu şair kimi, Əhliman aşıq kimi, Elza xanım da peşəkar ifaçı kimi. Ümid edirəm maraqlı olacaq. Eşqlərimlə!"

Qaynarinfo.Az