Dünən Şəki rayonu ərazisində Kiş çayı daşıb, körpü uçub. Nəticədə bir qrup şəxs çayı "Ural” maşınının yük yerində çayı keçməli olublar.

Sosial şəbəkələrdə həmin anın video görüntüləri paylaşılıb. Hətta "Facebook"da bəzi qruplarda yük maşınındakı şəxslərin işçi olduğu və sürücünün onların həyatını təhlükəyə atdığı qeyd olunub.

Həmin zaman yük maşınında olan Samin Zəfəroğlu adlı gənc məsələ ilə bağlı unikal.org-a açıqlama verib. O, bildirib ki, yük maşınında çayı keçənlər işçilər və ya kənd sakinləri deyil:

"Həmin görüntüdə olanlar istirahətə gedən şəxslərdir. Axşam kənddə qaldıq, səhər Bakıya qayıtmalıydıq. Saat 11-12 olardı, körpü uçduğu üçün kənddə qalmışdıq, aidiyyatı qurumlara zəng edib müraciət etdik, kömək istədik. Rusiya istehsalı olan "Ural” markalı maşın göndərdilər ki, siz ancaq bununla çaydan keçə bilərsiniz. Biz də xilasedicilərin müşayəti ilə maşının yük yerinə çıxdıq. "Ural"ın yük yerində 35 nəfər idik, aramızda xanımlar da var idi. Beləliklə, çayı keçə bildik. Biz düşəndən sonra kənddə qalan minik maşınımız da "Ural"la çayı keçirildi. Sosial şəbəkələrdə söylədiklərimdən kənar yazılanlar yalandır”.