Dünya 20:15 07.09.2019

Səmada da tıxaclar yarana bilərmi?

Hazırda Almaniyanın hava məkanında yarım milyona yaxın özəl və kommersiya dronlarının uçuşları həyata keçirilir.

Bu məlumat Almaniyada nəşr olunan "Süddeutsche Zeitung” qəzetində yer alıb. Redaksiyanın qənaətinə görə, pilotsuz aparatların sayı ildən-ilə artır. Onların köməyi ilə evlərə məktublar və müxtəlif məhsullar çatdırılır. Alman poçtu və internet-mağazalar dronlarla daha çox maraqlanır və bu istiqamətdə artıq onların sınaqları keçirilir.

Eyni zamanda, Almaniya hökuməti pilotsuz aparatların daha geniş yayılmasından o qədər də məmnun deyil. Çünki onların texniki xarakteristikasının təkmilləşdirilməsi nəticəsində artıq səmada da gərginlik əmələ gəlir.

Yeni qaydalara görə, dronların sahibləri ayda 3 avro məbləğində xüsusi sığorta əldə etməlidirlər. Eyni zamanda, çəkisi 250 qramdan artıq olan hər bir dron onun sahibinin adı və ünvanı göstərilmək şərti ilə xüsusi odadavamlı işarə daşımalıdır. Almaniyada dronlara 100 metrdən çox yüksəklikdə və pilotların görə bilməyəcəyi səviyyədə uçmaq qadağan edilib. Bundan başqa, yaşayış binalarının, qoruqların, həbsxanaların üzərində, habelə aerodromlardan 1,5 kilometrdən az radiusda uçuş həyata keçirməyə də icazə verilmir. İnsanların toplaşdığı məkanlardan, dəmir yollarından, federal əhəmiyyətli avtomagistrallardan, fövqəladə hadisə yerlərindən, hərbi və sənaye obyektlərindən minimum 100 metrlik məsafə saxlanılmalıdır.

Yeri gəlmişkən, alman dron həvəskarları bu qaydalara o qədər də dəqiq əməl etmirlər. (Azərtac)