Siyasət 17:05 16.05.2018

Səməd Seyidov: "Heç kəs Azərbaycanı Avropa Şurasından uzaqlaşdıra bilməz"

"AŞPA-nın tərkibində İstintaq Qrupu yaradılıb. Bizim buna münasibətimiz mənfi olmuşdu. Həmin qrup hesabatını açıqladı, orada olanların 99 faizi Azərbaycanla bağlı idi. Orada gedən proseslər şəffaf deyil”.

"Report”un xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi mətbuat konfransında AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, həmin qurumda Ermənistana münasibət fərqlidir: "Necə olur ki, Ermənistandakı keçmiş rejimlə bağlı müsbət fikir ifadə edirdilər. Amma Ermənistan xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Avropa Şurasının içində sağlam qüvvələr var. Amma bəzi şəxslər qərəzlə çıxış edirlər. Onlar Azərbaycanı Avropa Şurasından uzaqlaşdırmaq istəyirlər”.

S.Seyidov qeyd edib ki, heç kəs Azərbaycanı həmin qurumdan uzaqlaşdıra bilməz: "Qəbul olunmuş sanksiya bizə məhdudiyyət qoya bilməz. Yəni, bu sanksiya Dağlıq Qarabağ probleminin orada qaldırılmasına əngəl ola bilməz”. 

O qeyd edib ki, bu qurumda Azərbaycana qarşı ikili standartlar da var: "Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”. 

Səməd Seyidov bildirib ki, AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir: "Bəzi üzvlərin addımları bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir”.

O bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Ermənistana layiqli cavab verir: "Ermənistan və onların ətrafında olan qüvvələr müxtəlif taktikalardan istifadə edirlər. Bütün bu addımlar Dağlıq Qarabağa görədir. Amma onlar istəklərinə nail ola bilməyəcəklər”.

S.Seyidov qeyd edib ki, Avropa Şurası dəyişəcək. O, buna əminliyini ifadə edib: "Biz Avropa Şurasına daxil olarkən ümumbəşəri dəyərləri seçmişdik. Çox təəssüflər olsun ki, onlar təzyiq üsuluna əl atırlar. Biz o qurumda bundan sonra da təmsil olunacağıq, fəaliyyət göstərəcək”.

Qeyd edək ki, daha əvvəl AŞPA deputatlar Səməd Seyidov, Sezar Florin Preda və Xordi Hukla Kostaya iki il müddətinə sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib.

Onlar səsvermə hüququna malik olan Assambleya üzvləri olaraq qalacaqlar, sadəcə, bu müddətdə məruzəçi və seçki müşahidəçisi ola, AŞPA-nın komitələrinin və ya alt komitələrinin hər hansı birinin sədri və ya sədr müavini seçilə, AŞPA sədrinin vəzifəsinə namizəd ola bilməzlər.