Zahir Əzəmət

Azad cəmiyyət- ağlına gələcək hər şeyi edib adını, əməlini gizlətmək deyil. 

Azad cəmiyyət- məsuliyyətini anlayan cəmiyyətdir.

Azad vətəndaş anlayışı üçün də bu yanaşma keçərlidir.

Hərçənd biz bu anlayışlara doğru hələ uzun yol getməliyik. Azad cəmiyyət, azad vətəndaş arzusu ilə... 

Amma ilk işimiz hər şeyi öz adıyla çağırmaq olmalıdır.

Məsələn, azad qadınla küçə qadını arasında fərqi anlamasaq, hələ çox sarsıntılar, çək-çevirlər yaşayacağıq.

"Əxlaq nədir", "Ailə nədir", "Azadlıq nədir" kimi klassik sualları yenidən dəyərləndirmək məcburiyyətindəyik.

Çünki hələ də nəzəri olaraq, bu suallara yüzillər boyu əzbərlədiyimiz cavabları verir, amma fərqli həyat tərzi yaşayırıq.

Qadınların üzərinə çox getməyək, öncə kişiləri qamçılayaq.

Yetkinlik yaşına çatmış əksər azərbaycanlı kişini danışdırsaq, zəngin intim təcrübəsindən, həyatından gəlib-getmiş çoxsaylı qızlardan, qadınlardan danışacaq. Bəs bu qızlar, qadınlar onun həyatına Elon Maskın raket uçurtduğu Mars planetindənmi gəlib? Yox...

Bunun adı nədir? Bir kişinin həyatındakı 20 nakam sevgimi, yoxsa əxlaqsızlıqmı, dəyərsizlikmi, pozğunluqmu? 

Statistika deyir ki, Bakıda qurulan ailələrin yarısı ilk 5 ildə dağılır. Bunu nə ilə izah edək? Səbəbi sosial problemlərin, xarakter uyğunsuzluğunun üzərinə yıxmaq çıxış yoludurmu? Bəlkə biz gənclərimizə "ailə nədir" sualını, onun mahiyyətini doğru izah etmirik? 10 illik evlilik təcrübəmə əsasən deyə bilərəm ki, ailə bir insanın həyatı boyu daşıya biləcəyi ən ağır yükdür. Amma mütləq daşıması tövsiyyə ediləcək bir yükdür. Fəqət yalnız bu yükə daşımağa hazır olanda! Valideynlər psixoloji, mənəvi və maddi cəhətdən hazırlıqsız gəncləri evlilik məngənəsinə itələməzdən əvvəl öncə özləri bir çox həqiqətləri anlamalıdır. Məsələn, bizim kimi keçid mərhələsində yaşayan, dəyərlərin toqquşduğu və hələ oturuşmadığı cəmiyyətlərdə valideynlərin övladlarına 30-40 il əvvəl keçdikləri yolu eynən uyğulamaq doğrudurmu? Məsələn, niyə Qərbdə bir kişi 5-6 il vətəndaş nikahında yaşadığı qadına günün birində ailə qurmağı təklif edəndə "yox" cavabı eşidəcəyi qorxusunu, həyacanını keçirir? Nədir bunun sirri? Ailə anlayışına bugünki Azərbaycanmı daha ciddi yanaşır, yoxsa Qərbmi? Əgər cavabınız "Azərbaycan"dırsa, sizi məyus edəcəm, bizdə son illər boşanma faizləri daha yüksəkdir. Maraq xatirinə, Statistika İdarəsinin illər üzrə boşanma faizləri ilə tanış oldum. Məlum oldu ki, boşanmalar üzrə belə yüksək faizlər bir bolşevik inqilabından, bir II Dünya Müharibəsindən, bir də SSRİ dağılandan sonra qeydə alınıb. Deməli, hər dəfə cəmiyyətin dəyərlərinin sarsıldığı böyük sınaqlardan keçdiyi dövlərdə...

Hər zaman azad gəncliyin, liberal dəyərlərin yandaşı olmuşam. Amma, yazının da əvvəlində dediyim kimi, həm də hər şeyin öz adıyla çağırılmasının tərəfindəyəm. Hər kəsin də seçiminə, şəxsi həyatına hörmətlə yanaşmasının savunçusuyam. 

Azad seksin tərəfindəsən? Bunu açıq de və olduğun kimi yaşa!

Bakirəlik sənin üçün önəm daşımırsa, bunu da gizlətmə! Olduğun kimi ol!

Həyat yolunu özün seç- azad qadın, yoxsa küçə qadını? Azad kişi, yoxsa hər fürsətdə xəyanət edən, aldadan dəyərsiz kişi?

Seçiminin arxasında dayan!

Yalan danışma, rüşvət alma, rüşvət vermə, yaltaq olma, başqasının haqqına girmə, istinad edəcəyin dəyərlər yoxdursa, heç olmasa seçiminin arxasında dur, bir sifətin, bir yolun olsun, ən azı, kim olduğunu bilək, bilsinlər...

Sənin kim olduğunu, gerçəkliyini bilmədən necə savunaq?

Hər şeyin öz adıyla çağırılmadığı bir cəmiyyətdə yeni və ya köhnə dəyərlərin sərhədləri də bilinməyəcək! Necə ki bilinmir!

Bir həkim-ginekoloqun saytına baxıram. Açıq-aşkar bir elan verib: Cəmi 1000 manata qızlıq pərdəsini 100 faiz təminatla bərpa edir. Hələ deyir ki, indiyə qədər 300-ə yaxın belə əməliyyat keçirib! ... Bu hələ bir həkimin etirafıdır! Azərbaycanda onlarla həkimin bu istiqamətdə gecə-gündüz qan-tər içində çalışdığını düşünək bir də. Minlərlə qız! Minlərlə bütün mənalarda pərdələnmiş qadın! Minlərlə tərk edilmiş qadın! Onların neçəsi qurban, neçəsi könüllüdür? Onları necə ayıraq, neçə çağıraq? Kimdir günahkar? Onlar hansı dəyər sistemini təmsil edir? Bəs bu işdə "əməyi keçən" kişiləri necə pərdələyək? Niyə qızların, qadınların qulağına azadlıq hekayələri pıçıldayan, onları dəyər boşluğuna tərk edən bu kişilər evlənəndə yenə "bakirə ovuna" çıxır? Bütün bunlar saxtakarlıq deyilmi? 

Qoy hər kəs olduğu kimi yaşasın! Hər kəs seçimini bəyan etsin, biz də hörmətlə yanaşaq! Dəyərlərin sərhədləri bəlirlənsin, daha sonra hansı dəyərin yaşayacağına zamanla qərar verərik! Amma və lakin, ilk olaraq, hər kəs adını üzərinə götürsün!

Bilək ki, sən kimsən!