Ölkə 11:51 15.11.2013

Səngərdə güllə dərənlər

Aqil ALIŞOV,
ehtiyatda olan baş leytenant


...Onlar Azərbaycanın qəhrəman oğullarıdır!

...Onlar döyüş bölgəsinə gül dərməyə yox, güllə dərməyə gələn Azərbaycan fədailəridir!

Onlar qələbəni qazanacaqlarına, Qələbənin onların olacağına əminliklə düşmən mövqelərini qartal baxışlarıyla hədəfə alaraq səngər deyilən yurdda,hələ ki namərd düşmənlə “qonşuluq” edir, üz-üzə, sinə-sinəyə dururlar!

O əsgərlərimiz ki, ölümü məğrur baxışlarıyla susdurduqları, tamarzı saxladıqları kimi düşmən əsgərlərini də sükuta qərq ediblər.
Bəzən gecənin və gündüzün sakitçiliyini pozan da güllə səslərinin səslənməsi ilə atəşin kəsilməsidir. Atəşkəsin  imzalandığına baxmayaraq, sükutun  tez-tez pozulmasına səbəb düşmən əsgərlərinin Azərbaycan Ordusu xofu qarşısında dözə bilməməsidir, özlərinə nəzarəti itirmələridir. Müdafiə xətti boyu əksər yerlərdə yarpaq belə əsəndə, “Azərbaycan əsgəridir” deyə düşmən saga-sola, havaya, bir sözlə, hara gəldi atəş açmağa başlayır.

Çunki düşmən gözəl bilir ki, qəhrəmanlıq məşq etməklə əldə olunmayan yeganə insani hərəkətdir.
Düşmən düşünməyə məhkumdur: “Qarşıda onunla üz-üzə duran Azərbaycan əsgərlərini bir-birindən ayırmayan onların ayrı-ayrılıqda bir-birlərindən yüksək qəhrəmanlığıdır”.
Düşmən gözəl bilir ki, Azərbaycan əsgəri “döyüşə gedəndə məğlubiyyət haqqında düşünmür, məğlub olandan sonra isə yadından çıxarmır!”
Düşmən “qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır!” şüarının qarşıdakı səngərdən “irəli!” əmri ilə üstünə atılacaq Azərbaycan əsgərinin düşüncəsinə hakim olduğunu bilir və cəbhənin bütün istiqamətlərindən, bütün müşahidə məntəqələrindən bu qisas yanğısını açiq-aydın hiss edir.

Azərbaycan əsgəri müharibənin başlanmasından qorxmur, əksinə, bunu səbirsizliklə gözləyir. Eyni zamanda, Azərbaycan əsgərində o inam da var ki, Ali Baş Komandanın sərkərdə müdrikliyi bütün silahlardan üstündürvə bütün döyüşlərdən qalib çıxmağa yetərlidir!
Azərbaycan əsgərinin vətənpərvərlik ruhu çox yüksəkdir.

Hələ ki, mina partlayışlarından sinəsi dağılan torpaqlarımız sanki düşmən topunun zərbələrini öz canında, öz bədənində əridir! – bunu öz övladının, öz əsgərinin itkisinə yol verməmək üçün hətta  müqəddəs torpağımızın şəhidliyi kimi də başa düşmək olar. Güllə yağışından başları dəlik-deşik olmuş Vətən daşları da, qol-budaqları qırıq-qırıq olmuş ağaclar da düşmən gülləsini özləri dərirlər. Belə demək mümkünsə, bu Vətənin torpağı da, daşı da, qol-budağı da sipərdi övladları üçün.

Hələ ki, bagrı cadar-cadar olan dərələr də, sinəsi çat verən təpələr də bizi öz ağuşunda qoruyur.
Bu Vətənin torpağı – dərəsi də, dağı da bilir ki, əsgərlərimiz müharibəni səbirsizliklə gözləyirlər.
Vətəndən yaxşı bilənmi var müharibəni yaşamaqla onu təsəvvür etməyin fərqini? Uzaqdan asan gələn döyüşü addım-addım yaxınlaşdıran zaman yetişəndə Azərbaycan əsgəri  bu döyüşə qalib gəlmək üçün atılacaq.

Müharibələr heç vaxt özundən sonra xoş xatirələr saxlamır. Müharibələr insanları bəzən saflaşdırır, bəzən isə rəhmsiz bir qatilə çevirir!
Torpaq, vətən təhlükə ilə üzləşəndə, bütün insanların xarakterik keyfiyyətləri üzə çıxır. İlk növbədə isə xalqın qəhrəmanlığı. Qəhrəmanlıq isə sənət deyil, onu məşq eləmirlər. Vətən öz övladına qəhrəmanlığını sübut etmək üçün meydan verir!!!

Qürur, ağrı, təəssüf keçirən əsgərlərimizin arzuladığı qələbə əzmini nümayiş etdirməyə, qələbəni qazanmağa Vətən də hazırlaşır.

Aurasından qələbə əzmi, urəyindən millət, torpaq sevgisi əskik olmayan Azərbaycan əsgəri müasir Azərbaycan Dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharıbədir!” dahiyanə fikrini sübuta yetirmək üçün döyüşə hazırdır!

Və Azərbaycan əsgəri məğlub edəcəyi rəqibinin bir daha düşmənə çevrilməsinə imkan verməyəcək.