Ölkə 14:02 18.07.2018

Sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş təltif edildi

Bu il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yarası almış baş çavuş Kurupov Ramazan Məmməd oğlu sağalıb.

Qaynarinfo-nun xəbərinə görə, çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edilib və hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır. Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.