Dünya 15:59 23.07.2013

Sərhəddə atışma: ölən və yaralanan var

Qırğızıstan və Özbəkistan sərhədçiləri arasında baş verən atışmalar nəticəsində bir özbək sərhədçisi həlak olub, digəri isə ağır xəsarət alıb.

APA-nın yaydığı məlumata görə, insident  Qırğızıstanın Cəlilabad vilayətinin Aksiy rayonunda qeydə alınıb. İki nəfər Özbəkistan sərhədçisi qanunu pozaraq Qırğızıstan tərəfinə keçib. Qırğızıstan sərhədçilərinin ərazini tərk etmək tələbləri isə mübahisə yaradıb və ağır sonluqla bitib.

Özbəkistanın “Noviy Vek” qəzeti isə bildirib ki, insident Özbəkistanın Namanqan vilayətində qeydə alınıb. Qəzet yazır ki, bir neçə Qırğızıstan sərhədçisi sərxoş vəziyyətdə Özbəkistan ərazisinə daxil olub, iki özbək həmkarını güllələyib.

Xatırladaq ki, iki ölkə arasında sərhədin ümumi uzunluğu 1,3 min kilometr təşkil edir. Hazırda burada təxminən 50 mübahisəli ərazi mövcuddur,  354 km ərazi delimitasiya olunmayıb.

Bu cür hallar Özbəkistan-Qırğızıstan sərhədində tez-tez qeydə alınır.

Qaynar.info