Hüseynbala Səlimov
Siyasət 12:23 23.01.2018

Serjikin filarmoniyası

Hüseynbala Səlimov

Belə görünür ki, rusiyalı siyasətçilərin və diplomatların Qarabağ problemi konteksindəki bircə sözü də insanların ovqatını yüksəltmək və onlara ümid və optimizm aşılamaq istidarındadır.  
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun–Kalantaryanın–Kalantarovun Qarabağ probleminin mərhələli yolla həllinin zəruriliyi haqdakı bəyanatı ilə bağlı da belə oldu. Çoxu bunu illərdir ki, dalana dirənmiş münaqişənin gedişində pozitiv dəyişikliklərin müjdəçisi kimi qəbul etdi.      
 
Amma sadə insanlardan fərqli olaraq siyasi təhlilçilər S.Lavrovun–Kalantaryanın–Kalantarovun sözlərində dərhal diplomatik konyunktura əlaməti sezdilər. Kremlə çox lazımdır ki, qarşıdakı iki-üç ay Ermənistanda siyasi həyacanlamalar olmadan keçsin, çünki ən ilkin bilgilərə görə mart ayında bu ölkədə prezident seçkiləri keçirilməlidir.       
 
Bir daha qeyd edək ki, prezidenti parlamentin və yerli özünüidarətmə orqanlarının təmsilçilərindən təşkil olunmuş "seçicilər kollegiyası” seçməlidir. Yeni prezident isə hakim partiyanın sıralarından baş naziri təyin etməlidir. Prezident simvolik fiqur olacaqdır, əsas səlahiyyətlər isə baş nazirin əlində cəmləşəcək.

S.Sarkisyan "masabəyi”, yəni prezident üçün uyğun namizədi də tapıbdır. Bu, ölkənin Böyük Britaniyadakı səfiri A.Sarkisyan olacaq. Baş nazirsə, böyük ehtimalla, Sarkisyanın özü olacaq, əlbəttə ki, müxalif qüvvələr ona bu niyyətini həyata keçirməyə mane olmasalar,- artıq onlar ilk siyasi aksiyalarına başlayıblar. 

Beləcə, Ermənistanın bütün siyasəti bir adamın – Sarkisyanın filarmoniyasına çevrilib, özü istədiyi idarəçilik formasını seçir, öz siyasi hakimiyyətini uzatmaq üçün min cür kombinasiya qurur. Müxalifət isə uzağı, Baqramyan prospekti boyunca ora-bura gedir... 
  
Kremlə də lazımdır ki, ən azı yazadək Qarabağ cəbhəsində sakitlik olsun. Elə həmsədrlər də bir qayda olaraq o vaxt fəallaşırlar ki, bunu Ermənistanın maraqları tələb etmiş olsun. Həmsədrlərin və nazirlərin də sonuncu Krakov görüşünə də bu prizmadan baxmaq gərəkir.  

Çünki diplomatiyadan uzaq adamlara da aydındır ki, seçki və ya hakimiyyət, xüsusən də sistem dəyişiklikləri dönəmində (hətta formal olsa, belə!) heç bir vaxt ciddi qərarlar qəbul olunmur. 
Ona görə də bəzi jurnalistlər deyəndə ki, Krakov görüşü "pozitiv şəraitdə keçib”, adam bilmir ki, onlar bununla ironiya edirlər, yoxsa ki, elə həqiqətən inanırlar ki, yaxın vaxtlarda pozitiv dəyişikliklər olacaq?..    

İndi bircə məsələ aydındır. Ermənistan "parlament idarəçili”yinə keçəndən sonra ölkədə qeyri-müəyyənlik artacaq. Etiraf edim ki, şəxsən biz qəti inanmırıq ki, bu mexanizm Ermənistan kimi "siyasi əyalət”də işləyə bilsin; dəfələrlə yazmışıq ki, parlament respublikası daha mürəkkəb institutdur və yüksək elektoral-seçki mədəniyyəti tələb edir. 

Baxın, hətta bir çox avtoritar rejimlərdə də prezidentlik institutu, daha doğrusu, gücləndirilmiş prezident üsul-idarəsi var. Amma siz bircə ədəd belə avtoritar rejim tapmazsınız ki, orada parlament idarəçiliyi olsun, çünki bu institut istisnasız olaraq demokratik rejimlər üçün xarakterikdi! 

Ona görə də əminik ki, Ermənistanda hələ bundan sonra ciddi siyasi çaxnaşmalar olacaq, yaxud da Kremlə öz "geosiyasi rəfiqə”sinin daxili işlərinə daha çox qarışmmaq lazım gələcək.  
Bir daha Qarabağ probleminin siyasi və diplomatik tərəflərinə gəldikdə isə, bu prosesin hamıya bəlli olan xüsusiyyəti var. Baxın, Azərbaycanda demək olar ki, heç kim fərqində deyil, orada Sarkisyan və ya onun naziri Nalbandyan nə danışır... Amma hamı V.Putinin və yaxud da ki, S.Lavrovun hər bir sözünə diqqət edir, çünki əmindirlər ki, bu konfliktin arxasında məhz Rusiya dayanır və bütün bu proses də o vaxt bitəcəkdir ki, Kreml özünün "konfliktə bilavasitə dəxli olmayan tərəf oyunu”na son  verəcək. 

Bir–iki ay öncə bir rusiyalı təhlilçi yazmışdı ki, əgər İsa peyğəmbər özü Sarkisyana zəng etsə belə, onu da eşitməyəcəklər! 

Həqiqətən belədirmi? Əlbəttə ki, yox. Nəinki Sarkisyanın davranışı, hətta bütün Ermənistanın siyasəti Kremldən idarə olunur. Bu da elə bir sadə həqiqətdir ki, hətta bu sətirləri yazanda özümdən soruşuram ki, belə  bəsit fikirlərlə oxucuların qiymətli vaxtını almıram ki?..

Amma məsələ bundadır ki, post-sovet məkanındakı konfliktlər indiyədək "X – problemlər” olaraq qalır. Məsələn, ərəb- İsrail və yaxud Kəşmir konflikti haqda danışarkən mənzərə detallarına qədər gözümüz önündə canlanır.

Post-sovet məkanındakı konfliktlərdən söhbət düşəndə isə heç kim Rusiyanın rolunu görmür. Yalnız son Ukrayna olaylarına münasibətdə müəyyən qədər aydınlıq var. Dağlıq Qarabağ isə indiyədək əksəriyyət üçün "Qarabağdakı erməni azlığının müqəddəratını təyinetmə prosesi və bununla bağlı problemlər”, yaxud da ən yaxşı halda, Azərbaycanla Ermənistan atasındakı ərazi problemi kimi qəbul edilir. Heç kim Rusiya adlı mühüm siyasi vektorun rolundan danışmır, amma hamı onun "maraqlar”ını nəzərə almağa çalışır...       

Əgər Rusiya bütün bu geosiyasi tamaşada ən azı maraqlı tərəfdirsə, o, neytral vasitəçi rolunda çıxış edə bilərmi?

Ona görə də S.Lavrovun son bəyanatını və Krakov görüşünün gedişindəki bütün "pozitiv atmosferi” mərhələli vədlər və sonrakı məyusluq siyasəti kimi qəbul edir və bundan heç bir nəticə gözləmirik. 

Hətta nəzəri konfliktologiyada da münaqişənin əsas iştirakçilarından əlavə maraqlı tərəfləri müəyyən etməyə çalışırlar, çünki bunsuz mənzərə natamam olar. 

Diplomatlar isə adətən nəzəri sxemlərə etinasız yanaşırlar. Amma faktlar var ki, onları inkar etmək qeyri-mümkündür. 

Dağlıq Qarabağın və Ermənistanın əhalisi birlikdə götürüldükdə belə Azərbaycanın əhalisindən üç dəfə azdır. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın total büdcəsilə müqayisə olunmaq iqtidarındadır. 

Bütün iqtisadi, coğrafi və təbii göstəricilər Bakının birmənalı üstünlüyünü nümayiş etdirir. Müasir silahlar və yaxud müasir müharibə isə, ümumiyyətlə, Ermənistanın iqtisadi imkanları ilə uzlaşmır!

Amma belə yarıac, kiçicik və tamam inkişafdan qalmış ölkə guya, 30 ildir, təkcə valyuta ehtiyatları 40 milyard dollar olan Azərabycanla mühairibə aparır, üstəlik, onun 20 faiz ərazisini də işğal altında saxlayır!  

Gülməli deyilmi, cənablar? Siz daha diqqətlə baxın, görəcəksiniz, bütün izlər Kremlə aparır...