Video 18:23 16.08.2019

Sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara "Qəhrəman" ordeni verildi (VİDEO)

Rusiya Prezidenti Vladimir Putin "A321" təyyarəsini qarğıdalı sahəsinə endirərək sərnişlərin həyatını xilas edən pilotları təltif edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı pilotlara "Rusiya Qəhrəmanı" adını verib.

"Hava gəmisinin kapitanı və ikinci pilot "Rusiya Qəhrəmanı", ekipajın digər üzvləri isə "İgidliyə görə" ordeni ilə təltif olunublar", deyə Putin bildirib.

Qeyd edək ki, bu gün Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan "Ural" hava yollarına məxsus "Aerobus A321” təyyarəsi Moskva vilayətində qarğıdalı sahəsinə enməli olub. Qəza enişi təyyarə havaya qalxarkən quş dəstəsinin mühərriklərə çırpılması səbəbindən baş verib. Nəticədə hər iki mühərrik dayanıb, mühərriklərdən biri isə alışıb. Bununla belə pilotlar təyyarəni qarğıdalı sahəsinə endirə biliblər.

Sərt eniş nəticəsində 23 nəfər, o cümlədən bir hamilə qadın və 9 uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür. Təyyarədəkilərin hamısı təxliyə olunub.