Ölkə 11:30 16.09.2013

Şərqlə Qərbin fay xəttində - KÖŞƏ


Rasim Qaraca

Biz hər gün dəyişirik, bəzən fərqində olmadan.  Əski insanlarla bizim aramızda fərqlər uçurumu get-gedə daha artıq dərinləşir. Biz özümüz də əskidikcə yeni gələnlərlə aramızda bənzəri uçurumlar yaranır... Çağdaş dünyamız adaptasiya olunanlara, olunmayanlara ayrılmaqdadır sürətlə. Bizim nəsil üçün bütün bunlar necə başladı, xatırlamağa çalışıram.

80-ci illərdə videomaqnitofonların çıxması o dövr insanlar üçün böyük ayrıcalıq idi. Bu, film seyretmə azadlığı idi. Artıq ekrandan başqalarının sənə göstərdiklərinin xaricində alternativ yaranmışdı. Özəlliklə porno filmləri seyr etmək azadlığı yeni dövrün başlandığından xəbər verirdi.

Daha sonra uzaqdan komandalı televizyonlar çıxanda barmağımızı dişlədik, həə, artıq həqiqətən də yeni zamanə başlayıb. Mən yaşda insanların uşaqları artıq əllərində pult doğulurdular. Elektronik beynli ilk insanlar onlar idi. Uzaqdan komanda ilə kanalları axtarmaq, rəng effektlərini dəyişmək və s. hər kəsin bacaracağı iş deyildi. Pultdan istifadə edə bilməyən yaşlı adamlar hələ də var. Bu gün internet mənlik deyil deyənlərin olduğu kimi, 90-cı illərin əvvəllərində də, “pult mənlik deyil” deyənlər vardı. Bu günə adaptasiya ola bilməyən, keçmişdə qalan ilk insanlar da elə o insanlar idi. Artıq mən özüm də androidli telefonları işlətməkdən xoşlanmıram. Dədə-baba knopkalı telefon mənə görə ən uyğunudur. Çağdaş texnologiya qarşısında şok olduğum ilk hadisə isə faksla bağlı idi. Telofonda alo deyən adam, məktubumu aldınızmı deyirdi. Bu ağılasığmaz idi. İl 1994.

Ancaq ilk dəfə cib telefonu alanda necə həyəcan keçirdiyimi də unutmamışam, sonralar “qozsındıran” adlanan bu telefonları gəzdirmək işgəncə idi, şalvarın cibində torbalanırdı. Tanışların çoxunda telefon olmadığına görə boş-boşuna gəzdirdiyin bu cihaz daha çox göstəriş atributu idi.

Təsadüfən zəng gələndə isə yerimizdən sıçrayıb necə bağıraraq danışardıq. Bəzi gülməli ştrixləri də qeyd etmədən keçmək istəmirəm. “Varlı” insanlar telefonlarını çıxarıb stolun üstünə qoyardılar. Lovğalanmaqdan ötrü danışılmış zənglər olardı. “Mən toyda olacam, saat filanda mənə zəng vur”. Cib telefonuna zəng gəlməsi bir ayrıcalıqdı. Bir nəfər yaşlı qohumum isə “cib telefonlarını yığacaqlar” deyə mənə üsulluca xəbərdarlıq etmişdi.

Biz çağdaş insanlar fərqliyik. Fərqində olmadan uzaqdan komanda alətləri, cib telefonları, küçələrdə quraşdırılan kameralar, internet-forumlar, fb-lər, email adreslərimiz bizi dəyişdirməkdədir, uyğunlaşa bilməyənlərlə səviyyə fərqlərimiz yaranır və biz zamanın sürətinə təslim oluruq. Bilərəkdən köhnəni seçənlər, həyat ritmini dəyişdirmək istəməyənlər də vardır. Onlar şüuraltı olaraq bu çılğın yeniləşmənin fəlakətlərə gətirəcəyinə inanırlar.

Özəlliklə Azərbaycan kimi, Şərqlə Qərbin fay xəttində yerləşən ölkələrin vətəndaşları böyük sınma yaşayırlar. Gündəlik həyatda gah qərbli, gah da şərqli rolunda oynamaq böyük mənəvi boşluqlara səbəb olur.

Qaynar.info