Elman Eldaroğlu

Blogger
Yazılar
41
Səsi yaşıl, ruhu ağ insan, 72 yaşınız mübarək!

Səsi yaşıl, ruhu ağ insan, 72 yaşınız mübarək!

Ölkənin görkəmli alimlərindəndir- alimlər iki cür olur, bir sahədə püxtələşən və hər tərəfli mükəmməl. Mükəmməlləri hamıya görkəm olur...

Kişiliyə böyük dəyər verir- özündə olmayan bunu bacarmaz…

İmanlıdır- halalına haram qatmaz…

Ziyalıdır- həqiqəti söyləməkdən çəkinmir…

Ədalətlidir- haqq olmayan yerdə görünmür…

Fədaidir- Azadlıq meydanında milyonlarla insan buna şahid olub…

Əzəmətlidir- Yaradanın izni olmasa, bir kəs min kəsdən seçilməz…

Səsi yaşıl, ruhu ağdır- bunu ariflər üçün dedim…

Haqqında söhbət açdığım Firudin Cəlilov 1947-ci ildə Vedibasarda dünyaya gəlib. 1966-cı ildə orta təhsilini Bakıda bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olunub. Oranı müvəfəqiyyətlə başa vurub. 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində çalışıb. 1978-ci ildə filologiya elmləri namizədi, 1989-cu ildə isə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib. Bir il sonra Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili naziri vəzifəsi ona həvalə olunub. 1993-cü ildə həmin nazirliyin ləğvi ilə əlaqədar nazir vəzifəsindən uzaqlaşdırılıb...

Xalqının qarşısında alnı açıq, üzü ağdır. Çox ürəklərdə yuva qura bilib. Hamı onu təmiz adam, söz deməyi bacaran ziyalı kimi tanıyır. Deyir ki,- "Vəzifə gəldi-gedərdir, əsas odur ki, xalqının dəyərli övladı ola biləsən"…

Bəli, Firudin Cəlilov xalqımızın dəyərli övladlarından biridir. Böyük azərbaycanlı olduğunu xidmətləri ilə təsdiq edib. Belə insanlara diqqət göstərmək, qayğısına qalmaq Tanrının xoşuna gələn əməllərdəndir…

Hörmətli Firudin müəllim, mayın 6-sı sizin doğum gününüzdür. Sizi bu münasibətlə uzaq Amerikadan təbrik edir, sizə möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.
72 yaşınız mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

OXŞAR XƏBƏRLƏR