Foto 11:08 05.11.2017

Səudiyyəyə raket hücumu: 11 şahzadə və nazirlər həbs edildi (FOTO/VİDEO)

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd İbin Salmanın rəhbərlik etdiyi Rüşvətxorluq və Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ölkədə geniş həbslərə start verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ötən gecə Yəməndən Səudiyyənin paytaxtı Riyadda yerləşən Kral Xalid havalimanını hədəfə alan ballistik raket həyata keçirilib. Raket havada zərərsizləşdirilib. Hadisədən sonra açıqlama verən Yəmənin müdafiə nazirliyi isə "Raket hücumu Səudiyyəni qarışdırdı və uğurlu əməliyyat idi" deyib, digər rəsmi isə raketin havada zərərsizləşdirmə xəbərinin yanlış olduğunu bildirib. 

Bu hücumdan sonra Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Adil Fakih, milli mühafizə naziri Əmir Mutab İbin Abdulla, dəniz qüvvələri naziri Abdulla Sultan vəzifələrindən alınıb. Bu dəyişikliklərin Yəmənin hücumu ilə əlaqədar olub-olmadığı hələlik bilinmir.

Ölkədə ciddi səs-küyə səbəb olan digər hadisə isə rüşvətxorluq və korrupsiya ilə mübarizə çərçivəsində start götürən həbslər olub. Bildirilir ki, 11 şahzadə, 4 nazir və onlarla sabiq nazir həbs edilib. Bəzi biznesmenlərin mülkləri isə dövlət tərəfindən ələ keçirilib. Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulub. 

Ölkənin bir çox bölgəsində, havalimanlarında təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, Səudiyyədə nüfuzu və hakimiyyəti ilə tanınan vəliəhd Məhəmməd İbin Salman bir müddət əvvəl ölkənin müasir İslam qaydalarına keçəcəyini, qadınlara maşın sürmək, stadiona daxil olmaq kimi hüquqlar veriləcəyini açıqlamış və bu hadisə səs-küyə səbəb olmuşdu. O, baş verən son proseslərin əsas hərəkətverici qüvvəsi hesab edilir.
Gülşən
Qaynarinfo.Az