Maqazin 13:55 19.01.2015

Sevgilisinin boğazını kəsən cazibədar aktrisa - FOTOLAR

Rozamund Paykın adı digər Hollivud aktrisaları kimi tanış səslənməsə də, istedadı və gözəlliyi ilə həmkarlarından geri qalmır. Bəlkə də ən uğurlu rolunu 35 yaşında Devid Finçerin “Gone Girl” (İtkin qız) filmində oynadığına görədir. Sentyabrda premyerası keçirilmiş və 61 milyon dollar büdcə ilə çəkilmiş film yanvar ayına qədər 362 milyon dollardan çox gəlir gətirib.

Gilian Flinin eyniadlı əsəri əsasında hazırlanan filmdə Rozamund Payk olduqca mükəmməl və təhlükəli qadını – Emmi Danı canlandırır. Ərini evliliklərinə və özünə qarşı etdiyi diqqətsizliyə görə cəzalandırmaq istəyən Emmi evdən qaçır, amma qaçış adi bir qaçış olmur... O, hər şeyi əvvəlcədən planlaşdırır, hər detalı düşünür, bəzən özünə zərər vurmağa qədər gedib çıxır. Amma işlər heç də onun istədiyi kimi irəliləmir, hadisələrin məcrasını dəyişmək üçün Dan keçmiş sevgilisinin başını kəsməli olur. O bunu bacarıb evinə dönə biləcəkmi? Ona inanacaqlarmı? 

Payk obrazı qədər hər şeyin ən mükəmməlinə alışmış deyil. O, aktrisa olmağa gənc yaşında qərar versə də, çox vaxt istədiyi rollara “uyğun görülməyib”, kastinqlərdən geri qaytarılıb. Ümidini itirən aktrisa Oksford Universitetində ingilis ədəbiyyatı fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra aktrisa olmaq istədiyinə bir daha əmin olub və teatrda işləməyə başlayıb. “Qadınlar və qızları”, “Soyuq iqlimdə sevgi” kimi televiziya şoularında çəkilib. 2002-ci ildə “Bond qızı” olmaq təklifi alıb, yəni “Başqa gün öl” filmində Ceyms Bondla baş rolu paylaşıb. Ardınca “Qürur və qərəz”, “Təhsil”, “Surroqatlar”, “Barninin versiyası”, “Titanların qəzəbi” filmlərində çəkilib.

İngilis əsilli aktrisa çəkildiyi “Qürur və qərəz” filminin rejissoru Co Raytla 4 ilə yaxın nişanlı olub, ancaq rejissor son anda toy fikrindən daşınıb və Paykdan ayrılıb. Payk indi riyaziyyatçı Robi Yuniakla evlidir. Yuniak ondan 20 yaş böyükdür və ondan öncə daha iki evliliyi olub. Cütlüyün Solo adlı oğulları var və hazırda ikinci övladlarını gözləyirlər.

Aktrisa alman və fransız dillərində səlis danışır. Piano və violançeldə ifa edə bilir. Valideynləri opera müğənniləridir.

Qaynar.info