Hüseynbala Səlimov
Ölkə 16:33 26.09.2017

Sevinmə, atam balası...

Hüseynbala Səlimov

Oxumadılar... Baxmadılar... Görmədilər... Maraqlanmadılar... Getmədilər... Gəlmədilər... Duymadılar... Heç fikir də vermədilər... 

Bəli, hamısı da inkar formasında... Bəzən bunu kədərlə, bəzən də açıq sevinclə deyirik. Çox vaxt da kədərlə deyənlərin sayı sevinənlərin sayından qat-qat az olur, çünki bilavasitə özünə aid olmayan şeylərə görə kədərlənmək də inkar formasında daha çox hallanır, nəinki təsdiq...

Kim deyibdir, bilmirəm, amma hamının tez-tez təkrarladığı bir fikir var: "Bu ölkədə heç kim heç kimin kitabını oxumur”... Bəli, bunu da açıq sevinclə, az qala, bir azacıq da təntənə ilə deyirik...

Amma nəyə sevinirik? Biganəliyin, etinasızlığın təntənəsinəmi? Bu biganəliyin, etinaslığın bizi haralara və necə sürüklədiyinin, bizə hansı sürprizlər hazırladığının heç fərqindəyikmi?..

Şəxsən mənə elə gəlir ki, yazı-pozu adamlarından fərqli olaraq adi insanlarımız arasında son vaxtlar etinasızlıq və yaxud biganəlik nisbətən azalmaqdadır. Əvvəllər insanlar sosial problemlərin girdabından baş çıxarıb, macal tapıb heç qonşuluqlarında nələrin baş verdiyinin fərqində olmurdular. Bu günsə belə deyil, hətta başqalarının kitabını oxuyanlar da tapılır, üstəgəl, özgəsinin uğuruna sevinənlər də...

O başqa məsələdir ki, adətən insanlar sosial problemlərin cəmiyyətin "qıcıq”lara həssaslığını artırdığını düşünürlər. Amma belə deyil. Düzdür, sosial və iqtisadi çətinliklər insanlarda aqressiyanı gücləndirir. Fəqət, bu, o demək deyil ki, həmin aqressiya mütləq geniş sosial – ictimai məzmun alacaqdır. 

Bəzən o, özünü daha çox məişət qəddarlığında və gündəlik həyatda təzahür etdirir – insanlar sanki yaxınlarını incitməkdən, yolda, avtobusda biri-birini itələməkdən, biri–birinə kobud cavab verməkdən həzz alırlar...   

Baxın, on illərlə ağır sosial–iqtisadi durumun girdabından qurtula bilməyən ölkələr var, amma oralarda heç bir geniş ictimai reaksiya baş vermir. Bu, özü də çox səhv fikirdir ki, sosial böhran mütləq gətirib hansısa ciddi sosial kataklizmlərə çıxarıb. Əksinə, insanlar nisbətən tox olanda mədələrindən də başqa nəsə haqqında fikirləşməyə başlayırlar... 

Xüsusən də demokratiya və azadlıq heç də həmişə ac adamların qayğısı olmur, insan o vaxt bunlar haqqında düşünməyə başlayır ki, özünü qida üyüdən bio–kimyəvi maşından fərqli şey kimi təsəvvür etməyə başlayır.

Bir az əvvəldə dedim ki, indi əvvəlki illərdən daha az etinasız və biganəyik. Mən bunu bir yazar kimi də hiss edirəm. Məsələn, insanlarda Qarabağ probleminə diqqət hiss olunacaq dərəcədə artıbdır. Baxmayaraq ki, burada elə bir ciddi uğurumuz yoxdur, yenə də insanlar əvvəlkindən   xeyli dərəcədə artıq şəkildə bununla maraqlanırlar...

İdmana və digər sahələrə qarşı da biganəlik azalıbdır. Daha insanlar idman haqqında söz düşəndə "Əşi, keçi can hayında, qəssab piy axtarır!” demir və ona böyük maraq göstərirlər. Elə bu detalın özü göstərir ki, biz o vaxtlar etinasız və maraqsız, biganə oluruq ki, necə deyər, can hayında oluruq...

Bəli, ötən bir neçə illə müqayisədə indi xeyli toxlaşmışıq, həyatımız nisbətən stabil xarakter alıb, daha axşam mağazalarda bir qiynmət görüb səhər digər qiymətə bayılmırıq, gecə iş adamı kimi yatıb gündüz işsiz və pulsuz kimi ayılmırıq. Hətta bir neçə il irəli üçün planlar belə qururuq və bir daha deyirəm ki, bu, olduqca pozitiv dəyişiklikdir...

Amma "Biganəlik və etinasızlıq mərəzindən tam qurtulmuşuq” da demək düzgün olmazdı. Bu, çoxumuzun ictimai tələblərində də özünü bariz şəkidlə təzahür etdirir: daha realistik və daha real şeylərin dalınca düşürük və çalışırıq ki, uşaqlarımız üçün gün ağlayaq, qocalığımızı azacıq da olsa, təmin edək.

Amma bundan başqa tələblər də ola bilərdi. Məsələn, daha çox demokratiya istəyə bilərdik və ya daha çox azadlıq umardıq. Fəqət, hələ bunlar yoxdur və bizim tələblərimiz daha çox sosial – iqtisadi məzmun kəsb edir: bir parça çörək, stabil iş, insan kimi azacıq da olsa, rahat həyat və güzəran...

Çox az adam var ki, onlar üçün tələbatların ierarxiyası bir az başqa cür qurulub, onların təlabatlarının içində siyasi məzmunluları da var və belə adamlar "bir parça çörək”dən savayı da nəsə umur, istəyirlər... 

Mənə elə gəlir ki, sonuncuların da yeri var bu cəmiyyətdə. Düzdür, sosial və iqtisadi məsələlər haqda düşünənlər son nəticədə məhsulların və ya xidmətlərin çeşidini artırır, necə deyər, maddi sərvətlər yaradırlar. 

Di gəl, insan tək çörəklə də tox olmur. Əvvəlcə bunu beş–on adam başa düşür. Cəmiyyət, həyat stabilləşdikcə onların sayı artır və bir də görürsən ki, bir beş oldu, beş on beş oldu və biz də maraq doğurmayan   məsələlərlə maraqlanmağa başladıq. Ona görə də sevinməyək ki, kimsə kimsənin kitabını oxumur. Yox, artıq oxuyan var – dedim ki, biz əvvəlki vaxtlardakından daha az biganəyik...

Sadəcə, bir az da özümüzə gəlmələyik. Ona görə də insanlarda biganəliyin, etinasızlığın artımına yardımçı olmayaq, elə edək ki, əksinə olsun. Bilirsiniz, məni o dilxor etmir ki, kimsə kiminsə çağırışına səs vermir– bir çox hallarda, xüsusən də ictimai məsələlərdə bunun günahını çağıranın özündə və sözündə axtarmaq lazım gəlir... 

Faciə onda olur ki, insanlar, çağırışa, ümumiyyətlə, hay vermir... Bax, Allah bizi o gündən qorusun. Ona görə də ictimai biganəlik, etinasızlıq görəndə sevinməyək. Ən azı bunu etməyə tələsməyək...

Qaynarinfo.Az