Sənət 14:17 22.08.2014

Seymur Baycan: "Hiss edirəm ki, sürətlə cəmiyyətdən uzaqlaşıram" - MÜSAHİBƏ

Tiflis Seymur Baycanın sevimli şəhəridir. Yazmaq, dincəlmək, özü ilə tək qalmaq istəyəndə çox vaxt bu şəhərə üz tutur. Qaynar.info-nun əməkdaşı da tanınmış yazarla məhz Tiflisdə görüşərək maraqlı bir söhbət edib. Bir çox önəmli mesajlarla dolu olan bu müsahibəni oxuculara təqdim edirik.

- Ənənəvi sualdan başlayaq, Seymur müəllim, necəsiniz, nə edirsiniz, Tiflisdə işləriniz necə gedir?

-  Elə sual verirsən ki, guya mən Tiflisdə yaşamağa gəlmişəm. Həmişə gəlib-getdiyim şəhərdir. İşlərə qaldıqda isə, səhər dururam yuxudan, gedirəm yemək yeyirəm, qayıdıb gəlirəm, bir az kitab oxuyuram, günorta yatıram, yazı yazıram, axşam bir də çıxıb gəzib, yemək yeyib, gəlib yatıram.

- Mütəmadi olaraq yazılar yazırsınız, Bakıda olanda da deyirdiniz ki, kitabım çıxacaq. Kitabla bağlı nə yeniliklər var?

- Uşaqlar üçün xatirələrimi yazıram.  Dövrümüzün müəllimləri necə idi, necə əylənirdik, bizi necə tərbiyə edirdilər, adamlar nə geyinirdilər, nə yeyirdilər, toylar, yaslar necə keçirilirdi … Buna tək xatirə demək olmaz da, burada  o vaxtlar baş verən hadisələrin səlnaməsi, maarifləndirici və tərbiyəvi yöndə yazılar da var.  Hardasa işin 70 faizi görülüb, davam edirəm. Kitab hekayələrdən ibarət olacaq, amma ümumilikdə hamısı bir süjetin tərkib hissəsidir.

Bu il çox işləmişəm, çoxlu yazılar yazdım. Çalışıram ki, gündəm yazısı yazmayım. Elə yazılar yazmaq istəyirəm ki, heç olmasa altı aydan, bir  ildən sonra da oxumaq olsun. Uşaqlar haqda xatirələrimi yazmağa  çox hazırlaşdım. Çoxlu uşaq romanları oxudum. Uşaqların dilinə uyğun yazmağa çalışıram. Kitabın üstündə yazacam ki, bu kitabdakı hekayələr yalnız və yalnız on iki yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulub. 

Nə bilim, zaman elə sürətlə dəyişir ki, adam fikirləşir, görəsən bu  yazdıqlarım lazımdırmı, yoxsa lazım deyil? İndi uşaqlar da çox tez dəyişirlər.  Bu suala dəqiq cavab tapa bilmirəm - indinin uşağına  yazdıqlarım  lazımdırmı, yoxsa lazım deyil. Çünki sözün həqiqi mənasında hər şey o qədər sürətlə dəyişir ki, nəyi yazıb, nəyi yazmamaq haqqında  adam çox düşünür. Bir mobil telefonun həyatımıza daxil olması, həyatımızda o qədər dəyişiklik elədi ki, cəmi 15-20 il bundan əvvəl baş verənləri izah etmək, danışmaq  çox çətin məsələdir. Doxsanıncı illərin əvvələrində baş verən prosesləri, məsələn sevgi məhəbbət məsələsini ifadə  etmək adamdan  peşəkarlıq, ustalıq tələb edir. Sən o dövrün bir qızla oğlanının sevgi-məhəbbətini  gərək elə ustalıqla yazasan ki, indiki uşaqlar nə demək istediyini, dövrün ab-havasını  başa düşsünlər. O dövr haqqında onlarda müəyyən bir fikir yaransın.  Həm də çox uzunçuluq etmədən.  O vaxtla müqayisədə indi bir cox məsələlər nə qədər sadə görünür.  İndi hamı sosial şəbəkələrdədir.  Hamının əlində mobil telefon var.  Amma iyirmi il bundan əvvəl bir qızla tanış olmaq, ünsiyyətə  girmək üçün nə qədər əziyyət çəkməli idin. O vaxt baş verənləri yazsan, indiki uşaqlar yazdıqlarına, ümumumilikdə isə yazdıqlarının ciddiliyinə  inanarlarmı?  Yoxsa o dövrdə baş verənləri sadəcə zarafat kimi qəbul edəcəklər. Sən gərək indiki uşağı inandırasan ki, o zaman bir qızla telefonda danışmaq üçun mütləq ev, şəhər  telefonuna zəng etmək lazım idi. Bu telefona da evdə xeyli adam nəzarət edirdi. O, telefonla danışa biləcəkmi, danışa bilməyəcəkmi, bu ona problem yaradacaqmı? Danışdıqları zaman  tez-tez qəsdən danışığı kəsib təzədən əlaqə yaradırdılar. Çünki o vaxtlar rabitə pis gündə idi. Bir adamın danışığını başqa adam eşidiridi. Buna kimsə araya girib, kimsə araya düşüb deyirdilər. Yaxud evdə qız özünü elə aparırdı ki, guya oğlanla yox, rəfiqəsi ilə danışır. Bunun özü də bir ustalıq, müəyyən bir üslubu mənimsəmək tələb edirdi.  Bəzən sevgililər səhərə qədər telefonda danışıdırlar.  Guya görüşdükləri zaman bir-birlərinin üzinə deyə bilmədikləri sözləri telefonda cəsarətə gəlib deyirdilər. Səhərə yaxın başa düşürdülər ki, bir-iki saat yatmaq lazımdır. O deyirdi sən dəstəyi qoy üstünə. Bu deyirdi yox, mənim əlim gəlmir, sən qoy. Bir saat da belə danışırdılar. Axırda da qərara gəlirdilər ki, hər ikisi bir yerdə dəstəyi  üstünə qoysunlar. Bunların hamısı o vaxtlar ciddi problemlər sayılırdı. Bilmirəm bütün bu söhbətlər bu günün uşaqlarına lazımdırmı? Buna görə çalışıram ki, ən önəmli məsələlər barəsində yazım. Yəqin kitabın əvvəlində bir giriş sözü yazacam bu barədə. Çox çətin vəziyyətdir həqiqətən. Yenə heç olmasa keçmiş barədə az-çox fikir bildirmək olur, amma gələcək necə olacaq, bu haqda bir söz demək həddən artıq çətindir.

"Atsifət, kobud, proporsiyası pozulmuş qadınları xoşlayıram"

- Özünüz dediyiniz kimi, əvvələr də Tiflisə gəlmisiniz. Amma bu son zamanlarda qalma müdətiniz bir az artıb. Bakı ilə Tiflisi müqayisə etsəydiniz, fərqləri nədədir?

- Hər birinin mənfi və müsbət cəhətləri  var. Bir də sizlərə elə gəlir  indi Tiflisdə belə çox qalıram. Əvvələr də burda çox qalırdım. Tədbirlərin keçirildiyi vaxtda, daha çox buralara gəlib gedirdik. İndi bir az tədbirlərin sayı azalıb. Burda qiymətlər münasibdir, oksigen boldur, yaşıllıq çoxdur. Bakı səs-küylüdür, tozludur və ən əsası Bakıda  mənasız  bahaçılıq hökm sürür. Bizdə pulu verirlər əlimizə, sonra da tutub pulu asanlıqla əlimizdən alırlar.  Bəzi atalar var içir, keflənəndə, ya da kefləri kök olanda uşaqlara pul paylayırlar, səhər ayılıb axşam verdiyi pulu tutub təzədən əllərindən alır. Özu almasa da ananın vasitəsi ilə alır. Buna el dilində təxminən ilanı seyid Əhməd əliylə tutmaq deyirlər. Biz elə bilirik ki, beş yüz, səkkiz yüz manat maaş alırıq. Üstündən bir az keçəndən sonra baxırıq ki, o pul artıq cibimizdə deyil. Demək pulu əlimizdən çox asanlıqla tutub alırlar.

Hərdən Bakıda olanda mənə elə gəlir ki, deyəsən tez-tez pul itirirəm. Bakıda pul xərcləyəndə heç bir zövq almıram. Halbu ki, pul xərcləməkdən hədsiz xoşum gəlir. Xəqani Hassın təbirincə desəm, pul xərcləyəndə gümrahlaşıram. Hesab ödəməkdən çox xoşum gəlir. Bir dəfə gənclərlə məclisdə oturanda dedim niyə dayanmısınız. Yeyin için. Nə qədər bacarırsınız yeyin. Sonra istəsəniz belə yeyə bilməyəcəksiniz. Gənclərdən biri dedi ki, mən artıq yeyib doymuşam. Soruşdum necə yaşın var? Dedi iyirmi yeddi. Dedim a kişi, iyirmi yeddi yaşımda mən yeməyə təzə-təzə başlayırdım. O da guya yalanımı tutdu. Dedi ki, bəs deyirsən lap erkən yaşlarından kafeləri, restoranları gəzmisən. Dedim bəli, elə olub. Amma iyirmi yeddi yaşa qədər daha çox hesabı başqaları, böyüklər ödəyirdi. İyirmi yeddidən sonra mən də başladım hesab ödəməyə və əsl yeyib-içmək özün hesab ödəməkdən sonra başlayır. Mənim dieta-zad saxlayan, qarın, fiqura dərdi çəkən adamlardan xoşum gəlmir. Xoşum gəlməməyi bir yana, onları başa düşmürəm. İstər qadın olsun, istərsə də kişi. Ət insanın yaraşığıdır.  Almaz Ələsgərlinin bir müsahibəsini oxumuşdum. Müsahibəsində demişdi ki, mən fiqura dərdi çəkmirəm, ürəyim istəyəni yeyirəm. Doğrudan da həyatımızda bu qədər problem varkən, hələ durub bir qarın dərdi də çəkməyimiz nə dərəcə düzgündür? Belə də ki, ola bilsin bu fikirlər şəxsi zövqümdən bəhrələnir. Mənim arıq adamlardan xoşum gəlmir. Atsifət, kobud, qabaritli, hətta proporsiyası pozulmuş qadınları xoşlayıram. Düzdü, dostlarım həmişə zövqümə gülürlər və ən yaxınları deyir sən "çuşka"san. 




"Cibimdəki min manat bir gecədə olur üç min manat"



- Bakıda mənasız bahaçılıq hökm sürür deyərkən nəyi nəzərdə tutursunuz? Bunu necə izah edə bilərsiniz?


- Bir tanışım buna yaxşı bir şərh vermişdi. Biz Azərbaycanda nə ediriksə, birinci olaraq bunu başqaları üçün edirik, sonra da özümüz üçün edirik. Məsələn, əgər  biz bir şalvar alırıqsa şalvarın birini başqası üçün alırıq,  sonra da birini də özümüz üçün alırıq. Bir stəkan çay içiriksə,  bir stəkan çayın pulunu başqası üçün veririk, sonra özümüz üçün veririk. Bakıda doğurdan da mənasız bahaçılıq hökm sürür. Bəlkə də bu bahaçılığa mənasız deməklə, fikrimizi yüngül ifadə edirik. Əslində bu soyğunçuluqdu. Bakıda oturursan bir çayxanada, mütləq gətirib adama çay dəstgahı - ləpə, paxlava  təklif edirlər  və ayağa duranda da adamdan iyirmi manat pul alırlar. Bu nə deməkdir? Bu nə tərbiyəsizlikdir? İyirmi manat qırx laridən artıq edir. Qırx lariyə Tiflisin ortasında dörd  adam ürəyi istəyən səhər yeməyi yeyə bilər. Nəyə görə mən  çay içəndə çayın  ətrafındakıları da  almalıyam?  Başqa bir problem də var. Bir adam sevgilisi, ailəsi ilə oturub hardasa istirahət etmək, bir stəkan çay istəyirsə, mütləq şəhərin mərkəzinə gəlməlidir. Çünki infrasturuktur yoxdur. Hər şey kişilər üçün düşünülüb. Adamlar açıqlıqda, təmiz havada, zalda  deyil, mütləq kabinetdə oturmağa üstünlük verirlər. Çünki insanlar bir-birlərinə əmin deyillər. Adamlar bilirlər ki, bir az keçdikdən sonra yan masada kim isə söyüş söyəcək, dava salacaq. Ya gərək onlara baş qoşasan, ya da qanın qaralacaq, yediyin-içdiyin burnundan gələcək.  Bakıda Qara Qarayev metrosu tərəfdə yaşayıram. Aşağı düşüb normal bir çay, kofe içəcək yer yoxdur. Mütləq gərək qarın açmalısan, nələrisə sifariş verməlisən. Amma burda vəziyyət  fərqlidir. İstəyirsən səhər-səhər gəl bir stəkan kofe, çay iç. Heç kim sənə onun yanında ləpə, paxlava soxuşdurmayacaq. Bizdə isə  oturan kimi bir də görürsən, iki adam əlində podnos başının üstünü kəsdirdi. A kişi, get menyunu gətir, özüm bilərəm nə  sifariş edəcəm. Belə soyğunculuq olmaz axı? O boyda Qara Qarayevdə məni evdən bayıra çıxardacaq bir normal kafe yoxdur ki, gedim orda oturum kofemi, çayımı içim, bir az düşünüm, kitabımı oxuyum. Bu baxımdan Tiflis mənim üçün çox sərfəlidir. Min manatı qoyuram cibimə, qatara iyirmi beş manat pul verirəm. Sabah oluram Tiflisdə. Cibimdəki min manat bir gecədə olur üç min manat. Bir yandan baxanda da mənim mühitim Bakıdadır. Düzdü, dostlarımın çoxu ölkəni tərk edibdir. Amma yenə də mövzulardan uzaqlaşmamaq üçün mənim üçün Bakı önəmli şəhərdi.

Bir məşhur lətifə var. Bu lətifə özündə çox böyük həqiqətləri ehtiva edir. Tez-tez İsrailə gedib-gələn bir yəhudidən soruşurlar ki, İsrail yaxşıdır, yoxsa Rusiya? Deyir nə İsrail yaxşıdır, nə də Rusiya. Yol yaxşıdır, yol. 

- Əvvəl yenə Tiflisdə Günel Mövludgil vardı. Sizə yaxın insanlar çox idi. Onlar da burdan çıxıb getdilər. Buranın ədəbi mühiti necə tesir edir sizə?


- Əvvəla Bakıdan bura cox adam gəlib gedir. Demək olar hər həftə kimsə gəlir. İkincisi də burada gürcü ədəbi mühitindən də tanıdığım adamlar, dostlarım var. Havayı deyil, on ildən artıqdır bu şəhərə gəlib gedirəm. Ünsiyyət problemim yoxdur. Kimləsə nəyisə paylaşmaq,  danışmaq istəyirəmsə adam tapa bilirəm.


"İnsanlardan uzaqlaşdım..."

- Sosial şəbəkələrə bağlı hər zaman tənqidi və tövsiyə xarakterli yazılar yazırsınız. İnsanları burada çox vaxt keçirməməyə çağırırsınız. Sizdən öncə də tanınmış adamlardan bir xeylisi getdi, amma sonradan məlum oldu ki, onlar başqa adlarla yenə “facebook”a qayıdıblar. Amma siz elə bir yolluq çıxıb getdiniz.


- Bir şey yaxşı oldu ki, bir dəstə  adam bəzi məsələləri vaxtında başa düşdülər. Söhbətlərdən vaxtında agah oldular. “Facebook” kütləviləşəndə, insanlar sosial şəbəkələrə axın edəndə artıq bir dəstə  adam  öz yerlərini burda tutmuşdular. Bir şeyi qəbul etmək lazımdır ki, Azərbaycanda bir çox adamın fikirlərinin dəyişilməsində sosial şəbəkələrin böyük rolu oldu. Məsələn, müəyyən adamlar vardı ki, tələbəçilik vaxtı aktiv olmuşdular. Sonra rayona gedəndən sonra o adamlar itib batmışdılar. Sosial şəbəkələr bu adamların çoxunu diriltdi. Onlar yazılarla, fikirlərlə təzədən tanış olmağa başladılar. Xeyli adamlar bir-birini tanıdı. Hətta evlənənlər, ailə quranlar, bir-birini sevib ayrılanlar da oldu. Bunu hec cürə inkar etmək olmaz.  Amma müəyyən vaxtdan sonra, artıq  hiss etdim ki, bura enerji qəbirsanlığına çevirlməyə başlayıb. Qərar verdim ki, uzaqlaşım buradan. Onu da deyim ki, Azərbaycanda “facebook”dan faydalı istifadə edən bir neçə adamdan biri mən idim. “Facebook”a qədər də kifayət qədər tanınırdım, bununla belə  daha çox tanınmağımda sosial şəbəkələrin də rolu oldu. Bilirsən, bizim adamların bir az subardinasiya saxlamaq problemləri var. Sən ona bir az üz verən kimi, münasibəti həmin an dəyişir. İstəmədim insanlar mənə bir o qədər yaxınlaşsınlar. İnsanlardan uzaqlaşdım. İndi səhifəm işləyir, heç onu da görmürəm. Təəssüf edirəm ki, insanlar sosial şəbəkələrdə çox vaxt itirirlər. Özlərini heç bir yerdə ifadə edə bilməyən, qara enerjili adamlar var ki, bütün günü orda otururlar. Əllərindən bir iş gəlmir, əksinə, çalışan, iş görən adamları ruhdan salmaq istəyirlər. istəmədim o adamları görəm.  Çox da doğru addım atdığımı düşünürəm.  Bir daha fürsətdən  istifadə edib  xüsusən gənclərə məsləhət görərdim ki, öz zamanlarının qədrini bilsinlər. Gəncliyin ən aldadıcı cəhətindən biri də odur ki, insan elə bilir gənclik  əbədidir.  Əsla və əsla elə deyil. Bir də ayılırsan ki, yaş artıq gəlib otuz beşə, qırxa dayanıb. O zaman soruşmayacaqlar ki, “facebook”da sənin neçə dostun var, səni nə qədər adam izləyir. O zaman artıq baqaj, bilik, peşəkarlıq tələb olunacaq. Ona görə də nə qədər imkan varsa oxumaq, öyrənmək, mütailə etmək, gəzmək lazımdır.  Canlı ünsiyyətin yerini heç nə verə bilməz. Bu dəqiqə bizim əsrin insanlarınin ən böyük problemlərindən biri real dünya ilə virtual dünya arasında qalmalarıdır. İnsanlar çox böyük əziyyət çəkirlər. İnsanlar çayı, dağı, meşəni, buludu yaddan çıxardıblar. Bir dəfə başlarını qaldırıb diqqətlə buluda baxmağa ərinlər. Çox virtuallaşıb adamlar, xəstəliyə tutulublar.  Canlı ünsiyyətdən uzaq qaçırlar. Təbii, yuxarıda qeyd etdiklərim tövsiyə xarakteri daşıyır. Kim nə edir, özünə edir. Yaxşılıq da edən özünə edir, pislik edən də.

"Elə AzTV-nin böyüklüyü ondadır ki..."

- Yəqin xəbəriniz oldu son zamanlar cəbhə xəttində baş verən hadisələrdən. Elə sosial şəbəkələrdə də bu məsələ həftələrlə müzakirə olundu. Hətta bəzi tanımış insanlar belə, niyə müharibə başlamır deyə fikirlər bildirdilər. Bu məsələyə sizin münasibətiniz necədir?

-  AzTV haqqında yazı yazmışam. Ən böyük problem odur ki, nəsə ciddi yazı yazırsan, amma insanlar onu zarafat kimi qəbul edirlər. Bəzən uşaqlar qayıdıb deyirlər ki, AzTV-yə baxan yoxdur, buna bu qədər önəm vermək lazımdırmı? Elə AzTV-nin böyüklüyü ondadır ki, ona baxmayanda belə, o insanlara təsir edir. Dəfələrlə sübut olunub ki, Azərbaycanda dindar, ateist, liberal, solçu, müxalifətçi, iqtidarçı yoxdur. Azərbaycanda AzTV təfəkkürü var.  Bu son hadisələr də bunu sübut elədi. Bəlkə də ümumilikdə Azərbaycanı götürsən. cəmi qırx-əlli  adam AzTV təfəkküründən uzaqlaşa bilib. Müharibə çox dəhşətli bir şeydir. Mən onu görmüşəm. Kimsə deyəndə ki, gedəyin alağın, vurağın, döyüşəyin, gülməyim gəlir. Romantikaya qapılıblar, müharibə filimlərinin təsirindən çıxa bilmirlər. Onların çoxlarının qulağının dibində partladan atsan, ürəkləri gedər. Artileriya  atəşləri görməyən insanlardır. Müharibədə evlər dağılır, insanlar ölür, qan axır. Müharibə uşaq oyuncağı deyil. Belə şeylərlə oyun oynamaq, hissə qapılmaq olmaz. Realist olmaq lazımdır. Sadəcə təəssüf edirəm ki, hətta realist kimi tanıdığım adamlar da hissə qapıldılar. Hiss edirəm ki, sürətlə cəmiyyətdən uzaqlaşıram.  Həmin günlərdə özümü senzura etdim. Çünki əskim tüstülüdür. Bir yazı yazsaydım, mövqe qoysaydım ortalığa,  deyəcəkdilər ki, biz Qarabağı alırdıq, artıq Xankəndinin on dörd kilometrliyinə çatmışdıq,  Seymur imkan vermədi. Ona görə də birtəhər özümü sıxıb saxladım.


"İndiyə qədər yazdıqlarım məşq idi"


- AzTV təfəkküründən söz düşmüşkən. Əli Əkbər son zamanlar bir yazı yazmışdı. Orda sizin də adınızı çəkirdi ki, Seymur Baycan ölü qurumdan, ölü  insanlardan əl çəkmir.

- Oxudum o yazını, özünə də fikrimi yazdım. Əli Əkbər bir az şişirtmişdi. Öz tərəfimdən bitirmişəm o söhbətləri. Bəzən arada zərurət yaranır,  bir abzaslıq da olsa münasibət bildirməli oluram.  Bu dəqiqə öz yazılarımı yazıram. Mövzum da çoxdur.  İllərin mütailəsi, təcrübəsi gəlib hamısı yığışıb bir yerə.  İndiyə qədər yazdıqlarımın böyük əksəriyyəti məşq idi,  indi-indi yazmağa başlamışam. Yazı çox ağır prosesdir. Söhbət yazıdan gedir, cızma-qaradan getmir. Bilirsən, burda bir məsələ var. Yazarlıq digər sənətlərdən çox çətindir. İnsan bilir ki, onun səsi yoxdur. Adam bilir ki, rəsm çəkə bilmir,  rəssam deyil. Başqası bilir ki,  bəstəkar deyil.  Amma aşağı-yuxarı hamı nə isə yaza bilir və ona çox mümkün iş kimi  görünür. O düşünür ki, mən də yaza bilərəm. Bu çox aldadıcıdır. Nə qədər asandırsa, bir o qədər də əlçatmazdır. Yazmaq uzun bir zəhmət, yol tələb edir. Bu yolda adam çox əzab çəkməlidir, çox oxumalıdır, çox yazmalıdır, xeyli həyat təcrübən olmalıdır, ölkəni tanımalısan, insanları tanımalısan. Burda xeyli şərtlər var. Artıq Türkiyədə, İranda olan fərdlərin bizdə də peyda olduğunu görürəm. Yazmaq istəməyən yazıçılar peyda olub, çəkmək istəməyən rejissorlar peyda olub. Hər şeyi beyinlərində həll edirlər. Turkiyədə, İranda kalan adamlar var.  Bir balaca davranış qaydalarını öyrənirlər, ordan-burdan ağızdan bir-iki dənə söz eşidirlər, saqqal saxlayırlar, saçların dağıdırlar, vəssalam. Əziyyət çəkmək istəyən adamlar çox azdır. Hamı yola vermək istəyir. Ümumiyyətlə, bizdə yola vermək, böyük bir çoxluğun həyat fəlsəfəsinə çevrilib. 


"İnsanlar mövzu qıtlığından əziyyət çəkirlər"


- Ümumiyyətlə, yeni yazmağa başlayan gənclərdən nə gözləyirsiniz. Nəsə onlarda hiss edirsiniz?

- Hə, iki-üç nəfər var. Onların özləri də tənbəllik edir. Azərbaycan ədəbi mühitində dəhşətli bir bayağılıq, savadsızlıq hökm sürür. Hardasa on adamın adını çəkmək olar, bu qədər şair-yazıçı adına iddialı olan insanlar sırasında bunlar həqiqətən də zəhmət çəkirlər. İşlərinə bir balaca ciddi yanaşırlar. Yazıçılığa, şairliyə iddiali yüzlərlə adam var, amma onların arasından cəmi, bayaq dediyim kimi, on nəfər tapıb onunla ədəbiyyatdan, incəsənətdən danışmaq olar.  Qalanları tamada və aşıqlardır. Kimsə vəziyyəti dəyişmək, mühitə bir balaca ciddilik gətirmək, səviyyəni bir balaca qaldırmaq istəyirsə, aşıqlar və tamadalar  birləşib bu adamın üstünə düşürlər. Niyə? Çünki istəmirlər bu vəziyyət dəyişsin. Bu onlara sərf etmir. Vəziyyət dəyişsə, onlar gərək oturub oxusunlar, əziyyət çəksinlər. Onlar istəyirlər ki, belə də qalsın vəziyyət. Lətifə yazsınlar, yazıçılar haqqında əhvalat danışsınlar. Saytların rəhbərlərinin də  böyük əksəriyyəti savadsız, aqrar təfəkkürlü, ibtidai, mental adamlardır. Yəni öz üzərində çalışan, zəhmətə, intelektə üstünlük verənlər çox azdır.  Gənclər  gərək daima yazsınlar, öz üzərlərində işləsinlər, çoxlu oxusunlar. O tamadalar da qalsınlar öz yerlərində. Təəssüflər olsun ki,  umidverici gənclərin özlərində də çox tənbəllik hiss edirəm. Ümumilikdə şərq insanı çox tənbəldir. Vaxt anlayışına  qarşı çox acımasız olurlar, öyrənmək istəmirlər. Görürsən yekə-yekə kişilər oturub altı saat, yeddi saat domino oynayırlar. Danışanda  da beynəlxalq siyasətdən, Amerikadan, Rusiyadan, İsraildən danışırlar. Hamısının əlində də yekə-yekə telefonlar.  Normal bir sayta girib bir şey oxumurlar. Taksi şoferidi, oturur taksidə. Darıxır. Bilmir nə etsin.  Əlinə bir kitab götürüb vərəqləmir. Üç saat qəbulda dayanırlar. Biri bir kitab götürüb oxumur.  Bunların da hamısı ümumilikdə səviyyənin aşağı düşməsinə gətirib çıxardır. İnsanların mövzuları yoxdur. Mövzu qıtlığından əziyyət çəkirlər. Oturub başqalarının pullarını sayırlar, qeybət edirlər, boş-boş işlərlə məşğul olurlar. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, bir adam məhlədə olan bütün maşınların nömrəsini bilir. Niyə bir adam başını bu qədər mənasız informasiyalarla  doldurmalıdır?


"Oliqarxlardan birinin atası hər səhər gəlib..."


- Son zamanlar sizin məsləhət gördüyünüz iki kitab -  Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” və Dino Bussatinin “Tatar Çölü” ən çox oxunan  kitablardan oldu.  Oxuculara yenə belə məsləhət görməli əsərlər varmı?


- Bəzi adamlar deyirlər ki, Seymur öz mütailəsini nümayiş etdirir.  Yaxşı edirəm. Camaat öz maşınını, villasını, pulunu göstərir, mən də öz oxumağımı göstərirəm. Burda pis nə  var?  Kitaba pul vermək bir mədəniyyətdir. Uşaqlıqda da, yeniyetmə olanda da, gəncliyimdə də kitaba pul verməyi bacarmışam. Elə adam var ki, kitaba pul verməyi bacarmır. Bir dəfə  bir nəfər xahiş etdi ki, övladının ad gününü qəzetdə təbrik edim. Bir təbrik verdik. Nə illah etdim, adama qəzet aldıra bilmədim. Almadı.  Qəzet köşkündə çalışan bir adam vardı. And içirdi ki, bizim oliqarxlardan birinin atası hər səhər gəlib köşkdən qəzetləri götürür, axşam  isə gətirib köşkə qaytarır. Halbuki milyonları var. Bu milyonların sahibi qəzetə bir manat verə bilmir. Elə bilirsiniz kitaba pul vermək asan məsələdi? Bu, mədəniyyətin bir formasıdı. Təəssüf olsun ki, bu mədəniyyət bizim adamlarda hələ lazımı qədər formalaşmayıb. Kitab almamaq uçun min bəhanə uydururlar. Bu böyük bir problemdi. İkincisi,  bir vaxlar özüm də nəyi oxumaq sualı qarşısında çox əziyyət çəkmişəm. Ta ədəbi mühitə gəlib düşənə qədər. Sonra zövqüm formalaşdı, bildim nəyi oxumaq olar, nəyi yox. Yusif Vəzir Çəmənzəminli bizim ədəbiyyatımızda müstəsna rolu olan şəxslərdən biridir. Təəssüf ki, lazımı qədər təbliğ edilməyib. Çünki oğlu, qohumu vəzifədə deyil. Rəsul Rza  kimdir ki, onun adına mükafat olsun?  Rəsul Rza kimi mənasız bir şair təbliğ olunur, amma Çəmənzəminli kimi böyük yazıçı qalıb kölgədə. Niyə? Çünki oğlu vəzifədə deyil. Zatən Anar özü də bunu bilir. Bilir ki, Rəsul Rzanın adını ona görə çəkirlər. Anar bunu bildiyi üçün bütün təhqirləri, tənqidləri üzərinə götürərək kreslosundan yapışıb. Cinin canı şüşədə olduğu kimi onun da canı kreslodadı.  Niyə İlyas Əfəndiyevin mənasız pyesləri teatrları işğal etməlidir?  Ona görə ki, Eçin Əfəndiyev baş nazirin müavinidir?  Onların vəzifəsi olmasa,  bütöv bir yaltaq ordusu, yeri gəldi-gəlmədi onların  adını çəkib, özlərinin, atalarının haqqqında yazılar yazmazlar.  Vəzifələri olmasa, bu adamları kim təbliğ edəcək?

“Studentlər”  öz aktuallığını saxlamış bir əsərdir, gənclər o əsəri oxumalıdır. Bəzən insanlar nə oxumaq lazımdır, sualına cavab tapmaqda çətinlik çəkirlər. Buna görə də bəzi əsərləri zaman-zaman tövsiyə edirəm. Həm də çox sevinirəm ki, insanlarda bu etibarı qazanmışam. Adamları heç vaxt aldatmamışam.  Nəyəsə görəsə zəif  əsəri heç vaxt tövsiyə etməmişəm. Bilirlər ki, Seymur heç vaxt lazımsız əsəri tövsiyə etməz. Yusif Vəzirin nəyinki əsərlərı, onun publisitikası, gündəliyi bu gün bizə çox lazımdır. Mən çox istərdim ki, onun  əsərləri yenidən çap olunsun. Kimsə bu işi etməlidir. Yusif Vəzir bizə çox lazımlı yazıçıdır.  Yusif Vəzir Avropa nəsrinə yaxınlaşmış  ən öndə gedən yazıçımızdır. Sadəcə heç kimi yoxdur. Bu dəqiqə ölkədə vəziyyət elədir ki, ya qohumun  vəzifədə olmalıdır, ya kiminsə oğlu olmalısan ki, səni təbliğ etsinlər. Bu bədbəxtin də vəzifədə  heç kimi yoxdur. Özümə borc bildim ki, bu adamı təbliğ edim.  Tək Yusif Vəzir deyil, mən Azərbaycanda bir çox əsəri tanıtdırmışam. Oxumuşam, görmüşəm yaxşıdır, tanıdığım, bildiyim, ərkim çatan adamlara da məsləhət görmüşəm, haqlarında yazı yazmışam. Bu da fəaliyyətin bir növüdür. Fəaliyyət bir xətli deyil, əsərləri tanıtdırmaq  təbliğ etmək də fəaliyyətin  bir qoludur.

- Amma deyəsən bu işi sizdən başqa görən yoxdur.


- Bu ağrılı problemdir. Bizdə  kitablar haqda yazan, əsərləri, kitabları təbliğ edən adamlar çox azdır. Bilmirəm, bəlkə də əsər haqda yazmaq çox ağır prosesdir, bəlkə onlar bunu lazımsız hesab edirlər, bəlkə də yaza bilmirlər. Yəni bu suala konkret cavab tapa bilmirəm. Bu yaxınlarda Şahbaz Xudoğlu dedi ki, daha kitab yarmarkası  keçirməyəcəm. Ola bilər Şahbaz  əsəbləşib bunu demişdi.  Onu başa düşürəm. Bəlkə də sözün həqiq mənasında biz bu gün Azərbaycanda bir az dərindən araşdırsaq, əsl kitab oxuyanların 200-250 nəfər olduğunu görərik. Kitab alan var, bir əvvəlinə, bir də axrına baxan da var. Statitistika xatirinə kitab oxuyan, qoltuğunda kitab gəzdirən adamlar da  var. Amma gerçəkdən kitab oxuyan adamların sayı çox azdır. Azərbaycanda 120 min müəllim və tələbə heyyəti var. sayımız artıq 9 milyonu keçib. Bu qədər jurnalist ordusunun, nidaçıların, cəbhəçilərin, müsavatçıların, irəliçilərin, geriçilərin arasında  sorğu keçir, gör axrıncı dəfə hansı kitabı oxuyub. Düzdü, bir çoxu yalandan hansısa əsərin adını çəkəcəklər, amma bir az detallı sual versən, görəcəksən oxumayıb. Yalan danışır. Oxumurlar. Həqiqi kitab oxuyan adamların sayı çox azdır. Real vəziyyətlə tanışam. Kitab elə bir şeydir ki, o adamı dingildədir. Kitab oxuyan adam o dəqiqə hiss olunur. Əgər jurnalist, müəllim, həkim, tələbə, aktivist  kitab oxumursa, bəs o zaman kim kitab oxumalıdı? Bir misal deyim. Yazıçılar Birliyinin iki minə yaxın üzvü var. Amma bu birliyin jurnalı 500 tirajla çıxır. Əgər bu adamlar öz birliklərinin jurnallarını oxumurlarsa, onda nədən danışaq? Oxumamaqdan ötrü bəhanə axtarırlar. Tərcümə zəifdir, redaktə yaxşı olmayıb-filan. Hamısı bəhanədir. Səmimi olsunlar.  Zaxar Prilepinin müsahibəsində bir yaxşı sözü var. Deyir ki, mənə deyəndə filan seriala baxmısan, deyirəm mənə maraqlı deyil o serial. Amma adamlardan soruşanda ki, filan kitabı oxumusan deyirlər ki, vaxtım olmayıb.  Yalan danışmasınlar da, desinlər ki, oxumaq istəmirəm. Yaxşı, kitab oxumağa vaxtı yoxdur, bəs nəylə məşğuldur? 24 saatı nə edirlər? 


"Mənə bəs nə stimul verir? Yazmaq!"


- Şəxsi həyatınızda hər hansı yeniliklər varmı?  


- Yaşayıram. Fikirləşirəm, düşünürəm, müşahidə edirəm. “Az və həmişə yemək” adlı  yazıda taksi şoferi ilə söhbətimi yazmışdım.  Taksi şoferi dedi  ki,  ailəm üçün yaşayıram, mənə yaşamaq üçün stimulu ailəm  verir. Onun bu sözü bir sual çıxartdı qarşıma? Mənə  bəs nə stimul verir? Yazmaq!  Bəlkə də bu heç kimə lazım deyil, bəlkə də beynimdə olan fikirləri lazımı formada ötürə bilmirəm, onları istədiyim kimi çatdıra bilmirəm.  Bununla belə yazmaqdan, oxumaqdan, ədəbiyyat haqqında söhbət etməkdən savayı  qalan hər şey mənim üçün mənasızdır.  Sözün həqiqi mənasında her şey mənasını itiribdir. Mənə bu dəqiqə zövq verən  bədii əsərlər oxumaqdır, yazmaqdır, daha çox öyrənməkdir. 


"İnsan 30 yaşına kimi nə etdiyinin fərqində olmur..."


- Kamyu “Yad” romanında deyirdi ki, əgər həyatında bircə xoş gün varsa, ömür boyu türmədə otub, amma darıxmaya bilərsən. Sizdə necə, elə günlər var?


- “Həyatimin ən xoşbəxt günü” adlı hekayə yazmışam. Əlbəttə var.  Həyat təcrübəm kifayət qədər zəngindir, hissiyyatlı adamam. Elə adam var ki, bir ölkəyə 100 dəfə gedir, amma yüz dəfə getdiyi ölkədən  bir dənə hadisə çıxarda bilmir. Təəssüratlarım çoxdur. Həyata vaxtından tez atılmışam, ən müxtəlif yerlərdə , müxtəlif insanların əhatəsində olmuşam. Hərbidə olmuşam, universitet oxumuşam, 10 ildən artıqdır ki, mətbuatdayam, xeyli konfranslarda olmuşam, müxtəlif xalqların nümayəndələri ilə görüşmüşəm. O qədər məclislərdə olmuşam. Bir anlıq gözümü yumub xatırlayanda, birdən-birə  gözümün önündən yüzlərlə məclis,  müxtəlif məkanlar gəlib keçir. 14 yaşımdan  sərbəstlik qazanmışam. Ona görə də yaza biləcəyim, danışa biləcəyim sözlər çoxdur. Əlbəttə bu günlərin arasında xoş olmayan  və çox xoş olan günlər var. Ümumiyyətlə, çox tez-tez xatırlayıram . Bu həm də mənim üçün bir növ yanacaq rolunu oynayır. Baxır necə xatırlayırsan.  Misimanın bir sözü var, deyir ki, hər bir insan ildə bir dəfə 3 gün tənhalığa çəkilib həyyatında baş verən hadisələri xatırlamalıdır. Bu məndə ildə bir dəfə yox, bir neçə dəfə, bəzən də ayda bir dəfə olur. Elə ona görədir ki, heç nə yadımdan çıxımır. Bəlkə də elə buna görədir ki, insanlar deyirlər ki, sənin güclü yaddaşın var. Həssaslıq insanda informasiyanın necə qəbul edilməsində çox mühüm bir rol oynayır. İnsanın sonra hansı mövqeydə dayanması, onun hansı işlə məşğul olması, onun nəyi və necə xatırlmasına çox büyük təsir göstərir. Bəzən gedib elə bir məclisə düşürsən ki, görürsən yekə-yekə kişilərdir, orta məktəbdə şüşə sındırmağından, müəllimi  incitməyindən danışıb bununla fəxr edirlər. Görürsən ki, bu adamda heç bir dəyişiklik baş verməyib. O şeylər ki, ondan xəcalət çəkməlidir, durub onunla fəxr edir.  Ola bilər mən Seymur olmazdım, onların bir tayı olardım. Bu baxımdan insanın nəyi və necə xatırlaması çox vacibdir. Bəzi şeylər var ki, onlar adamı çox incidir. Ümumiyyətlə,  düşünürəm ki, insan 30 yaşına kimi nə etdiyinin fərqində olmur. Bundan sonra nə etdiyinin fərqinə varır, keçmişdə baş verənlərə ad verir. İnsan sonradan başa düşür ki, həqiqətən filan gün onun ən xoşbəxt günü imiş, filan adam yaxşı adam imiş və ya əksinə. Bu çox maraqlı bir prosesdir. Hadisələrə sonradan adların və rənglərin verilməsi.  Xatırlamaq,  bir-bir hadisələrə  ad vermək, rəng vermək lazımdır.  Hadisələr adamı incidir, hadisələr adamı sevindirir. ..

Söhbətləşdi: Elkin Xəlilov
Foto: Lika Gajadze

Qaynar.info