Ölkə 14:31 13.11.2017

Seysmoloji Xidmət Mərkəzi ictimaiyyətə müraciət etdi: "Güclü zəlzələ…"

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ictimaiyyətə müraciət edib.

Mərkəzdən "Qaynarinfo"ya verilən məlumata görə, noyabr 12-də yerli vaxtla saat 22:18:16-da İran-İraq ərazisində maqnitudası Mw=7.2 zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan Muxtar Respublikası ərazisində və cənub rayonlarında zəif hiss olunub: "Qonşu ölkədə baş verən zəlzələdən sonra Azərbaycan KİV-i tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələ olub-olmayacağına dair çoxsaylı suallar daxil olub.

AMEA nəzdində RSXM olaraq bildirmək istəyirik ki, İran-İraq sərhəddində baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan ərazisində güclü zəlzələ gözlənilmir və bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur.

Odur ki, bütün jurnalistlərdən vətəndaşlarımızın məsələyə həssas yanaşdıqlarını, insanların bu kimi xəbərləri narahatçılıq və qorxu ilə qarşıladıqlarını nəzərə alaraq, bu barədə informasiya yayarkən diqqətli olmalarını, mövzuya aid suallarını zəlzələlərin tədqiqatı ilə məşğul olan və bu sahəyə məsul AMEA nəzdində RSXM-ə ünvanlamağınızı xahiş edirik" - məlumatda bildirilir.

Qaynarinfo.Az