Yaşar Bünyadın "İblis busəsi” romanı haqqında qeydlər
Cəlil CAVANŞİR
Azərbaycanda ədəbiyyatın, sözün, sənətin vəziyyəti məlumdur. Bu barədə uzun-uzadı danışmaq əlavə vaxt itkisidir. Ayıq-sayıq oxucu üçün müasir ədəbiyyatımızın mənzərəsi sosial şəbəkələrdən, ədəbiyyat saytlarından, jurnal, qəzet, qəzet əlavələrindən çox aydın göründüyü üçün, dərinə getməyə hacət görmürəm. Şayət, günümüzün ədəbiyyatını yaradanlar da, yaratdığını iddia edənlər də ortadadır. Ədəbi tənqidçilərin, sənətdən, ədəbiyyatdan yazan bloggerlərin də işi də ortadadır. Məsələn, son on dövrlərdə oxuduum bu tipli mətnlərə qas-qas gülmüşəm. Tənqidçilərin kimlərə və hansı səbəbdən "maya qoyması”, kimləri hədəfə çevirməsi və gözdən salmağa çalışması mənə gün kimi aydındır. Ümid edirəm oxucular da bu məsələlərdən halidir.
Hərdən düşünürəm ki, ədəbi mühitdəki dost çevrələri, imtiyazlı, imkanlı, vəzifəli yazarların ətrafında toplanan istedadlı qələm adamları, ədəbi mətbuat ətrafındakı hiyləgər gözəgirənlik cəhdləri olmasa yaranan və işıq üzünə çıxan ədəbi nümunələrdən xəbərsiz qalarıq. Niyə? Ona görə ki, yeni çıxan kitablar haqqında sistemli təqdimat yazıları yazan bloggerlərimiz, yeni nəsrimizi və poeziyamızı ürəklə, vicdanla, peşəkarlıqla təhlil edən, ədəbi prosesə hərəkət verən tənqidçilərimiz yoxdur. Heç kəsin əməyini yerə vurmaq istəməzdim, amma mənzərə göz önündədir. Az qala oxuduğum bütün yazıların, paylaşılan hər xəbərin, çap olunan "şeirlərin”, efirə çıxan, müsahibə verən şairlərin, yazıçıların, ədiblərin arxasında nələrin, kimlərin, nə qədərin dayandığını hiss edə bilirəm. Eyni zamanda dəqiq bildiyim çox nəsnələr var ki, onları münasib bir vaxtda, ömür vəfa edərsə marağı olanlarla bölüşəcəm.
Fikirlərim qarışdı, mətləbi çox uzatdım. Sizə bu günlərdə böyük zövqlə və birnəfəsə oxuduğum yazıçı Yaşar Bünyadın "İblis busəsi” romanı haqda söhbət açmaq istəyirəm. Təəssüf ki, indiyəcən Yaşar bəyi yazıçı kimi tanımaq fürsətim olmayıb. Ədəbiyyata nə zaman gəlib, kimlərlərdən təsirlənib, kimlərlə məclis qurub, kimlərlə dostluq edib, bilmirəm. Cəmi 100 tirajla çap olunan və 2017-ci ildə nəşr olunan kitabının sonunda 1956-cı ildə Şamaxıda doğulduğu və Rusiya Federasiyasının Saratov şəhərində yaşaması ilə bağlı məlumat oxudum. "İblis busəsi”ndən öncə müsabiqələrdə yer tutan bir neçə hekayəsini saytlarda oxumuşdum və açığı diqqətimi çəkməmişdi. "İblis busəsi” romanı isə məni oxucu olaraq həyəcanlandırdı və istədim ki, Azərbaycan ədəbiyyatına və yeni nəsrimizə marağı olan oxuculara da bu əsərdən xəbərdar olsunlar.
Yaşar Bünyadın "İblis busəsi” romanın mövzusu kifayət qədər ilgincdir. Ötən əsrin 80-90-cı illərində postsovet ölkələrində baş verənlər, insan taleləri, dağılan sosializm cəmiyyətinin mənzərəsi, fərdlərin düşüncələri və həyata baxışı, sosial-iqtisadi vəziyyət, siyasi-ictimai proseslər, anarxiya, özbaşınalıq, yenidənqurma, məhəlli münaqişələr və savaş müasir oxucu üçün maraqlı, ədəbiyyatımız üçün aktualdır. Və müəllif bütün bunları özünəməxsus şəkildə yazıçı süzgəcindən keçirib, oxucuya təqdim edir.
Romandakı əsas xarakter Rüfət kənddə doğulub, atasız böyüyüb, paytaxtda təhsil alıb, idmanda kifayət qədər uğurlar qazanıb və iki ədalətsiz müharibədə – Əfqanıstan və Qarabağ müharibəsində savaşıb. Eyni zamanda uğursuz sevgi macərası yaşayıb, xəyanətlə üzləşib və qətl törədib. Rüfət müsbət qəhrəman olmasa da, sanki müəllif ciddi-cəhdlə onun xəyanətlərinə və səhvlərinə haqq qazandırmağa, onun işlədiyi günahların vəbalını taleyin, mühitin, cəmiyyətin üstünə atmağa çalışır. Əsərdə Rüfəti qoruyan gözəgörünməz əl, müəllifin özüdür. O öz obrazını bütün sınaqlardan, çətinliklərdən asanlıqla çıxarır. Əfqanıstanda və Qarabağ müharibəsində Rüfətin iştirakı, döyüş yoldaşları ilə münasibətləri və erməni əsirliyindən möcüzə nəticəsində qurtulmağı – məncə bütün bunlar müəllifin Rüfətə, əsas obraza haqq qazandırmaq cəhdləridir. Müəllif hadisələri səbirsizlik və tələskənliklə Rusiyaya çəkir, Rüfət üçün Moskvada sürpriz final hazırlayır. Məhz bu səbəbdən də əsərdəki çox ciddi hadisələr – SSRİ-nin Əfqanıstanda apardığı müharibə, Sumqayıtda baş verən cinayətlər, 90-cı illərin əvvəlində Bakıda gedən proseslər və 20 yanvar qırğını, Qarabağ münaqişəsi ötəri təsvir olunub.
Qeyd etdiyim kimi, romanın mövzusu aktualdır. O dönəmin hadisələri ədəbiyyatımız üçün yazılmağını gözləyən, hələ də insanlarımızın hafizəsində canlı qalan hazır materiallardır. Xüsusilə SSRİ dağıldıqdan sonra Rusiyaya köçən və ya müharibədən qaçan, orda məskunlaşan, müxtəlif şəhərlərdə yaşayan həmvətənlərimizin taleyi Azərbaycan oxucusu üçün maraqlıdır. Müəllif bütün gücünü məncə bu istiqamətdə yönəldib.
Əsərdəki obrazların – türklərin, rusların, ermənilərin taleyi bir-biri ilə sadəcə kəsişmir, onların taleyi həm də iç-içədir. Əsərdə ermənilərə qarşı münasibət diqqətimi çəkdi. 90-cı ildən sonra doğulan Azərbaycan oxucusu üçün erməni sadəcə düşməndir. Qarabağ münaqişəsi başladıqdan sonra doğulan gənclər üçün erməni qızını sevmək, erməni ilə dostluq etmək az qala inanılmaz kimi görünür. Halbuki Rüfətin təhsil aldığı Bakı beynəlmiləl şəhərdir, burada erməni qızına aşiq olmaq da, erməni gənci ölümdən xilas etmək də mümkündür və dövrün reallığıdır. Rüfət erməni qızına aşiq olub, nişanlısını aldadır. Sonradan Marqonun (Məryəmin) atasının pinəçi Zakir olduğu üzə çıxır. Marqonu Məryəmə çevirmək, atasın türk olmasını oxucuya pıçıldayıb, onun Bakıda qalmasına və Rüfətin onu sevməsinə haqq qazandırmaq cəhdi məncə yersizdir. Rüfət erməni sevgilisinin qonşusu, Marqonun ilk sevgilisi Armenin qardaşı Rafiki ölümdən xilas edir, Armendə borclu qalmır, Qarabağda Rüfətin əsirlikdən qaçmasına şərait yaradır.
Bu detallar, xüsusilə Rüfət-Marqo-Armen münasibətlərinin ilk dönəmlərində müəllifin soyuqqanlı münasibəti diqqətçəkəndir. Təəssüf ki, bu soyuqqanlı münasibət sona qədər qorunmayıb. Rüfəti əsirlikdən xilas etsə də Armen əxlaqsız, qəddar və canidir, yəni ədəbiyytımızda və kinolarımızda qarşımıza çıxan tipik erməni obrazıdır.
Bu aşağılayıcı münasibət ruslara qarşı da hiss olunur. Rüfətin Əfqanıstan müharibəsində ölümdən xilas etdiyi, arxa-dayaq olduğu nazir balası Andrey də heç bir müsbət xüsusiyyəti olmayan, üstəlik impotent və ruhsuz canidir. Sanki müəllif Rüfətin Andreyə xəyanətinə haqq qazandırır, onu günahdan arındırmağa çalışır. (Rusiyada yaşayan, rus qadınları ilə eyş-işrət yaşayan həmyerlilərimizin xatirələrində rus kişilərinin impotentliyi ilə bağlı yüzlərlə buna bənzər klişe əhvalatlar var.)
Əsərdə qarşımıza çıxan az qala bütün obrazlar şeytana uymuş, şərə təslim olmuş, şərin təmsilçiləridir. Bu əsərin ruhunu bir qədər qaranlıqlaşdırır. Oxucunu ümidləndirən, ruhumuzu aydınladan detallar olduqca azdır. Bəlkə də buna görə əsəri oxumadan ovqatınızı buna proqramlaşdırmalısınız.
Əsər haqqında bu qədər.
İndi isə bir neçə vacib detala toxunmaq istəyirəm. Bu əksər yazıçılarımızın başısoyuqluq etdiyi məsələ olduğu üçün, yazmağı vacib bildim. Romanda dil qüsurları kifayət qədərdir. Redaktor və korrektor işi yox səviyyəsindədir. Az qala hər səhifədə morfoloji, qrammatik, orfoqrafik xətalar var. Bunu müəllifin ayağına yazmaq istəməzdim, amma peşəkar vərdişlərimdən və vasvasılığımdan dolayı əsəri oxuduqca bu qüsurlar sözün əsil mənasında əsəblərimə toxundu.
"İblis busəsi” barədə yazmağımın əsas səbəbi bu romana diqqət çəkməkdir. Yəni, ən azından buna ümid edirəm və arzulayıram. Çünki əsər kifayət qədər maraqlı və ciddi mövzulara toxunan, buna baxmayaraq diqqətdən kənarda qalan maraqlı romanlardan biridir. Ümid edirəm ki, əsər haqqında peşəkar sözü tənqidçilərimiz deyəcək.
Gec də olsa (əsər2017-ci ildə nəşr olunub) müəllifi bu maraqlı romana görə təbrik edirəm. Sevinirəm ki, boz-bulanıq ədəbi mühitimizdə belə müəlliflər var.
Şərhlər