(Nadir İbrahimovun anadan olmasının 80 illiyinə həsr olunur)

1982-ci ilin oktyabrında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patra şəhərində keçirilən Baş Assambleyası Azərbaycan astronomu Nadir Baba oğlu İbrahimovun Marsa dair araşdırmalarını yüksək qiymətləndirib bu planetin səthindəki kraterlərin birunin onun adıyla adlandırılmasını qərara aldı. İndi Marsda Kopernik, Kepler, Keldış...kraterləri ilə yanaşı İbrahimov krateri də mövçuddur.

Marsın atmosferi Yerinkinə nisbətən xeyli seyrək olduğundan kosmosdan gələn göy cismləri – meteoritlər onun atmosferini yanmadan keçərək böyük sürətlə planetin səthinə düşür və orda iri və dərin çuxurlar – kraterlər törədir.

Qeyd edək ki, xatırladılan Assambleyada N. İbrahimovdan başqa, bir neçə digər tədqiqatçının adı da Marsdakı kraterlərə verilmişdir. Bunlar planetin fotometrik tədqiqatı ilə məşğul olmuş sovet alimləri N. N. Sıtinskaya (1906 – 1974),

 B. E. Semeykina (1906 – 1937), İ. F. Timoşenko (1918 – 1941), planetdə təbii yaranmaların enlilik nəzəriyyəsinin müəllifi rus torpaqşünası V. V. Dokuçaev (1846 – 1903), Marsda bitki örtüyünün inkişafı imkanlarını araşdıran sovet paleobotaniki

A. İ. Kriştoviç (1885 – 1953), isveç geoloqu və coğrafı, qütb tədqiqatçısı

N. A. Nardenşelddir (1832 – 1901).

Eləcə də özünün "Aelita” fantastik romanında Marsın xəyal edilən təbiətini, peyklərini və əhalisini təsvir etmiş görkəmli rus yazıçısı A. N. Tolstoyun da adı Marsda əbədiləşdirildi.

Marsda İbrahimov kraterinin koordinatları 25.5o cənub en dairəsi, 59.9o qərb uzunluq dairəsidir.

Nadir İbrahimov 1932-ci il dekabrın 28-də Azərbaycanın dilbər guşəsi Qubada dünyaya gəlib. Onun peşəcə misgər olan atası Baba kişi bu yerlərə qədim sənətkarlar məskəni əfsanəvi Lahıc qəsəbəsindən köçüb-gəlmişdi. Lahıclar fars dilinin bir şivəsində danışirlar. Ümumiyyətlə, Azərbaycanımızın şimalı etnik tərkibcə bu yerlərin xalçalarının ilmələri kimi rəngarəngdir. Bu yerlərdə azəri türkləri, ləzgilər, tatlar, yəhudilər, udinlər, lahıclar...bir ailənin övladları kimi yaşayır.

Kim bilir, bəlkə də göylərin əsrarəngiz harmoniyasının sirlərini açarkən Nadir, atasının düzəltdiyi əşyalar üzərinə saldığı naxışları xatırlayırdı.
Nadirin ilk sevgisi də lahıc qızı idi. Qıvrım telli bu dilbər Nadiri bəyənməyərək başqasına getdi...

1968-ci ildə "Bakinski raboçi”  qəzetində Baba kişi ilə onun sənəti haqqında dərc olunan müsahibədə ailəsi barədə suala ağsaqqal fəxrlə belə cavab verir: "Oğlum Nadiri kim tanımır? O, Şamaxıda ulduzları öyrənir.”

Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofika Rəsədxanasında işləməyə başlayır.


Nadir İbrahimov 2 metrlik teleskopun idarəetmə pultu arxasında

Şamaxıdan 22 km məsafədə,  "Pirqulu” adlanan axar-baxarlı guşədə dəniz səviyyəsindən 1460 metr yüksəklikdə yerləşən Gözləmevinin (türkcə rəsədxanaya belə deyirlər) teleskoplarının gümüçü çümbəzlərinin parıltısı bu yerlərdə çox-çox uzaqlardan sezilir.

Rəsədxana insanların inam bəslədikləri "Alçalı pir”in lap yanında salınıb. Beləliklə, adamların müqəddəs bildiyi, şəfa dilədikləri yerlə elm, bilik məbədi bir məkanda qovuşub. Daha bir rəmzi qovuşma isə elmimizin dünəninin və bu gününün burda çulğalaşmasıdır: Rəsədxana XIII əsr dünya elminin öndəri Mühəmməd Nəsirəddin Tusinin, Rəsədxana yerləşən qəsəbə isə XX əsr elmimizin iftixarı Yusif Məmmədəliyevin adını daşıyır. Gözləmevinin təsis edilməsində Yusif bəyin çox böyük rolu olub.

N. İbrahimov Rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. O, 1966-cı ildə Ukrayna EA-nın akademiki N. P. Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası” mövzusunda dissertasiya müdafiə edir.

Məlumdur ki, planetlər öz xüsusiyyətlərinə görə iki qrupa bölünürlər: yer qrupu planetləri və nəhəng planetlər. Birinci qrupa Merkuri, Venera, Yer, Mars və başıbəlalı Pluton (onu planetlər sırasından silmək istəyirlər), ikinciyə isə Yupiter, Saturn, Uran və Neptun daxildir. XX əsrin altmışıncı illərində Mars planeti (bu, planetin latınca adıdır. Yunanca  "Aris”, ərəbcə  "Mərrix”, farsca lap elə "Bəhram” adlanır. Şərqdə planetə "səyyarə” deyirlər.) Günəş sisteminin ən maraqlı cismlərindən biri sayılırdı. Marsın atmosferi, qeyd etdiyimiz kimi, çox da sıx olmadığından, onun səthini görmək mümkündür, yəni planetin atmosferinin və səthinin fotometrik xüsusiyyətlərini eyni zamanda öyrənmək olar. Nadir bəy əvvəlcə kiçik teleskoplarla Marsın tam diskinin parlaqlığının dəyişməsini öyrənmiş və bu müşahidələr əsasında planetin atmosferinin bir neçə optik parametrini təyin etmişdir.

Şamaxı Astrofizika Rəsədxanasının fəxri, böyüklüyünə görə o vaxt Sovetlər İttifaqında ikinci olan 2 metrlik teleskop işə düşdükdən sonra N. İbrahimov bu planetin atmosferinin kimyəvi tərkibini öyrənmək məqsədi ilə Marsın yüksək dispersiyalı spektrini almışdır.

1971-ci ildə Nadir İbrahimov kiyevli həmkarları iıə birlikdə 2 metrlik teleskopda Mars planetini böyük qarşıdurma zamanı müşahidə etmişdir.

Hər 15 – 17 ildən bir baş verən bu hadisə zamanı Mars, Yer və Günəş – hər üçü bir düz xətt üzrə yerləşir və Marsla Yer arasındakı məsafə ən qısa, cəmisi 56 milyon killometr olur. XX əsrdə bu hadisə 1909, 1924, 1939, 1956, 1971, 1986-cı, XXI əsrdə isə hələlik 2002-ci ildə (həmin il Nadir İbrahimovun 70 illiyi idi.) baş verib. Növbəti qarşıdurma gələn il-2018-də baş verəcək.

Müşahidə qırx gün, yəni qırx gecə davam edib. Bu zaman Nadir öz həmkarlarıyla birgə müxtəlif işıq süzgəcləriylə Marsın iki mindən artıq fotoşəklini çəkmişlər. Bütün bu müşahidələrin nəticələri planetin səthində detalların parlaqlığının müntəzəm dəyişdiyini, onun atmosferində toz hissəciklərinin əmələ gəlib – yox olmasını göstərdi. Marsda bənövşəyi rəngli buludların planetdə gecə və gündüzün bərabərləşdiyi vaxtda daha güclü olması müəyyənləşdirildi. Alimlər bu fikrə gəldilər ki, bənövşəyi buludlar xırda toz hissəciklərinin müəyyən həcmdə toplanmasından başqa bir şey deyil.


Bir qrup alim rəsədxanada. Sağdan ikinci – Nadir İbrahimov

Elə həmin il N. İbrahimov 2 metrlik teleskopda Marsın o dövr üçün ən qiymətli olan şəklini çəkdi. Bu şəkildə Marsın hər 7 yüz kilometrinə 1 millimetrlik ölçü uyğun gəlir.

Nadir müəllim Marsın spektral müşahidələrini yerinə yetirərək planetin atmosferində azot oksidi molekullarının nəzərə alınmayacaq miqdarda olduğunu göstərmişdir. Bu, sonradan "Vikinq 1 – 2” amerikan kosmik aparatlarının verdiyi nəticələrə uyğun gəlir.

Həmyerlimizin Marsla bağlı araşdırmaları planetin topoqrafik xəritələrinin qurulmasında, onun atmosferinin şəffaflığı problemi və planetin təkamülü ilə bağlı digər hadisələrin öyrənilməsində mühüm rol oynayıb.

N. İbrahimovun əhəmiyyətli elmi işlərindən biri Venera planetinin qaranlıq tərəfinin spektrini almaq və şüalanma xətlərinin varlığını göstərmək olub. Bu şüalanma xətlərini yaradan müsbət ionlar sovet "Venera” planetlərarası kosmik aparatlarının topladığı materiallarda müşahidə edilib.

Nadir bəy nəhəng planetlərin tədqiqində də bir sıra əhəmiyyətli işlər görmüş, onların hər birinin atmosferində molekulyar qazların olub-olmamasını araşdırmışdır. Bu nəticələr planetlər fizikası ilə məşğul olan alimlər üün çox əhəmiyyətlidir. Çünki planet atmosferinin kimyəvi tərkibi dəqiq müəyyənləşdirilməsə, planetin təkamülü haqqında tam təsəvvür əldə etmək olmaz.

N. İbrahimov Yupiterin atmosferində ammonium və hidrogen qazlarının miqdarını təyin etmiş, Saturnun spektrində metan qazına məxsus zəif udulma xətlərini aşkar etmiş, Uran və Neptunun spektrində isə hələlik heç bir xətlə eyniləşdirilməmiş udulma zolaqlarının olduğunu müəyyənləşdirmişdir.

Yupiterin ən cavan peyklərindən olan İoda fəal proseslərin baş verməsini müşahidə materialları əsasında ilkin söyləyənlərdən biri də Nadir İbrahimovdur. Bu peyk Yupiterin ətrafında 42 saata dövr edir və planetin maqnit sahəsinin daxilində qalır. Nadir müəllim öz aspirantı Ədalət Ətai  ilə birlikdə kütləsi Ayın kütləsinə bərabər olan bu müəmmalarla dolu peyki tədqiq etmişdir.

Ezamiyyətlərdə olduğu elmi mərkəzlərdə həmkarlarının sevərəkdən "Atik” adlandırdığı Ə. Ətainin atası Əbülfəz kişi Güney Azərbaycandan idi. 1946-cı ildə şaha boyun əyməyən digər demokratlarla Arazı adlamışdı.

B. İ. Silkinin 1982-ci ildə"Nauka” nəşriyatı tərəfindən nəşr edilmiş «В мире множества лун» kitabında oxuyuruq: "1974-cü ildə Azərbaycan alimləri Ə. Ə. Ətai və N. B. İbrahimov (Şamaxı Rəsədxanası) İonun spektrində natrium, maqnezium, dəmir, kalsium şüalanmaları üçün səciyyyəvi olan xətlər tapdılar. Onlar hardandır? Vulkanik qaz və buxar şırnaqlarıyla birgə planetin təkindən çıxmırlar ki? Lakin belə nəticə o zaman hələ sübut edilə bilməzdi.”
Bu nəticənin doğruluğu 1979-cu il martın 4-də Yupiterin yaxınlığından keçən "Voyacer - 2” planetlərarası kosmik aparatının verdiyi nəticələrlə sübut edildi!

Şamaxı Astrofizika rəsədxanasının şöbə müdiri Ədalət Ətai deyir:

"Nadir İbrahimov tədqiqat işinə böyük həvəs və ciddiyyətlə yanaşan alim idi. O aldığı nəticələri geniş müzakirə etməyi, onlar barədə başqalarının da fikrini öyrənməyi çox sevirdi.

Nadir müəllim bir insan kimi özünə və başqalarına çox tələbkar idi. Eyni zamanda qayğıkeş, səmimi bir yoldaş idi. Möhkəm işləməyi sevdiyi kimi, şənlənməyi deyib-gülməyi də yaxşı bacarırdı. O, başqalarında da yumor hissini başa düşür və qiymətləndirirdi.”

Nadir bəyin hələ neçə-neçə axtarışlar aparmaq istəyən ürəyi 1977-ci ilin ilk günündə gərginliklərə dözmədi.

Ondan onlarla elmi iş və üç monoqrafiya, üç övlad və nəvələri əmanət qaldı. Nadir İbrahimovun qızı Natəvan BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib...

Mərrixin məhvərinə atdığın adnan dirisən,
Göylərin ABI SEVİNC SAYĞILARIndan birisən.

Sən ki öz sən’ətinin ustasısan, mahirisən,
Kəhkəşan seyrinə dalmaq işinin qadirisən.

Deyirəm: qəlb odunu bizlərə də göndərəsən,
Əbədiyyət nurunu biz tərəfə döndərəsən.

Gözəlim Gözləmevin gen girişindən girəsən,
Yarü-yoldaşlarına ərzi-halın bildirəsən:

Rəhimə, Əlibalaya, İnqilaba, Sabirə sən,
Atiqə, Oqtaya, həm Teymura, həm Zakirə sən.

Aydını, Natəvanı, Aygünü də güldürəsən,
 Ramili, Orxanını, Nadirini dindirəsən.

Azəribaycanımı sən ki belə sevdirəsən,
Qubanın da Lahıcın bircəcəiyi – Nadiridsən!

Bəhram Basqalı
alim-şair