Sənət 13:47 28.05.2018

Söhrab Tahir yad edildi: Xalq şairi məzarı başında anıldı

"Dünyaya yayılsın birlik harayım” deyən Xalq şairi Söhrab Tahirin doğum günü münasibətilə unudulmaz sənətkarın anım mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbir iştirakçıları dünən II Fəxri xiyabanda şairin xatirəsini yad edib, məzarı üstə gül dəstələri qoyublar.

Şair Qardaşxan Əzizxanlı anım mərasimini açaraq bildirib ki, Söhrab Tahir AzərAzər yaradıcılığının leytmotivini Bütöv Azərbaycan ideyasının tərənnümü təşkil edib: "Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq geniş fəaliyyət göstərən şair bütün həyatını bu ideal uğrunda mübarizəyə həsr edib. O, eyni zamanda, ədəbiyyatşünas alim və ictimai xadim tək tanınırdı. Xalqımız Söhrab Tahirin xatirəsini təkcə görkəmli şair kimi deyil, həm də oxucular tərəfindən sevilən romanlar, hekayələr müəllifi kimi yad edir".

Azərbaycan Yazıçılar Birliyi Cənub ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz, Xəzər Universitetinin tələbələri - gənc filoloqlar Pinar Məmmədzadə, Aytac Həsənova, Səkinə Ələkbərli, Nəzrin İsmayılova şairin xatirəsinə ehtiramlarını izhar edib, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi Canəli Canəliyev, Nizami rayonu 12 nömrəli məktəbin şagirdi İbrahim Əhmədov Söhrab Tahirin "Azərbaycanım”, "Vətən”, adlı şeirlərini səsləndiriblər.

Tədbirdə iştirak edən şairin qızı Nəsibə Tahiri ömrünün son aylarınadək Söhrab Tahirin gənclik enerjisi ilə yaşayıb-yaratmasından söz açaraq, şairin xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına minnətdarlığını bildirib.