Dünya 16:46 27.03.2024

Si Szinpin ABŞ biznesinin nümayəndələri ilə görüş keçirdi

Çin prezidenti Si Szinpin Pekində ABŞ şirkətləri və iki ölkə arasında işgüzar tərəfdaşlıq şuralarının rəhbərləri ilə görüşüb. 

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Agentlik mənbələrinin məlumatına görə, Xalq şuraları evində keçirilən görüş saat yarıma yaxın davam edib. Ora 20-yə yaxın ABŞ korporasiyasının nümayəndəsi dəvət olunub.

İştirak edənlər arasında "Blackstone”un baş direktoru Stiven Şvratsman, "Qualcomm”un baş direktoru Kriştianu Amon, "FedEx”in baş direktoru Rac Subrahmanyam və "Bloomberg”in sədri Mark Karni də olub. Görüşdə həmçinin ABŞ-Çin Münasibətləri üzrə Milli Komitənin prezidenti Stiven Orlins və ABŞ-Çin Biznes Şurasının sədri Kreyq Allen də iştirak edib.

Si Szinpinin amerikalı biznes nümayəndələri ilə görüşü çətin dövrlər yaşayan Çin iqtisadiyyatından xarici kapitalın kütləvi axını fonunda baş tutub. İl ərzində ÜDM-in 5%-lik artımına baxmayaraq, bir çox əsas iqtisadi göstəricilər son aylarda azalaraq Çin hökumətini xarici investorların etimadını bərpa etməyə çalışmağa məcbur edib. 2023-cü ilin sonunda isə Çinə birbaşa xarici investisiyaların həcmi 8% azalıb.

Nizami Bağırov