Ölkə 12:30 16.11.2013

Şiələr qaradır, sünnilər sarı - KÖŞƏ

Jalə İSMAYIL

Şiələrin izdihamlı Aşura mərasimləri ölkədə sürətlə aktivləşməkdə olan sünni cərəyanlarına bir güc nümayişi kimi də qəbul oluna bilər. Qafqazın şeyxi bu il də buyurdu ki, özünü döymək olmaz və Peyğəmbər nəvəsi Hüseyn də şiə deyil. Amma onu dinləyən kimdi? İnsanın fərdi yaddaşı bütün tarixi mənbələrdən həmişə güclü olub.

Hər Aşura günü hər kəsin uşaqlığı yadına düşür. Mənim bir dənə də olsun Aşura günü ilə bağlı xatirəm yoxdur. Necə bir dinsiz yerdə böyümüşəmsə.

Bir xeyli böyüyəndən sonra (Ayıb da olmasın, ilk sevgi məktubumu almışdım artıq) qonşu qəsəbədə Ağdamlı qaçqın Seyid Maralın evində keçirilən "Qətl sınma" mərasimi haqqında eşitdik. Orada seyidin əri balaca oğlanların alnını çərtirmiş. Ürpənmişdim.

Uşaq vaxtı din adına ildə bir-iki dəfə Seyid Yusif ağanın ziyarəti, onun evində qurban kəsmək, onun cəddinə and içmək kimi şeylər yadımda qalıb.

Amma uşaqlığımda qarşılaşdığım sünni-şiə müqayisəsini indi təbəssümlə xatırlayıram.
Uşaq vaxtı elə bilirdim ki, sünnilər sarıdır, şiələr qara. Namaz qılmayan, oruc tutmayan, amma imkan düşən kimi gülə-gülə “sünni-şiə” söhbəti edən qohumlarımın davranışlarından bu qənaətə gəlmişdim.

Anam qaynatası ilə görüşəndə nənəm həmişə deyərdi: “Şiələr öpüşdü, görüşdü”.
Anam və babam qaraşın, nənəm sarışın idi.

Bir haşiyə çıxım burada. Görkəmdən eynilə nənəməm. Amma kaş boyda anama, sarışınlıqda nənəmə oxşayaydım. Müsibət gözəl qız olardım.

Nə isə. O vaxtlar anamgilin kəndinə gedəndə oradakılar qardaşımla məni cırnadardılar: “Sünnilərin quyruğu olur, siz də qarışıq olduğunuza görə, böyüyəndə quyruğunuz çıxacaq”. 

Mən də ağlayırdım ki, yox, yoxdu onların quyruğu! Atamgilin kəndinə gedəndə əmilərimdə quyruq olmadığına əmin olmaq üçün onlara diqqətlə baxardım. Bir də anamgilin kəndində deyirdilər ki, sünnilər çox tərsdirlər. Guya mən də tərslikdə o tərəfə çəkmişəm. Sünnilər isə şiələrin, mədəni dildə desək, çox kobud olması qənaətində idilər.

Əslində 25/75 nisbətiylə şiə sayılıram. Yalnız ata nənəm özünü sünni sayırdı.

İşin məzəli tərəfi o idi ki, dindən xəbəri olmayan bu sadə insanlar nəyə görə şiə ya sünni olduqlarını bilmirdilər. Heç olmasa, bu gün bilsəydilər, mən də tərəfimi müəyyənləşdirərdim. Hələ də sünni, yoxsa şiə olduğumu bilmirəm. Heç “sünni” sözünün dəqiq yazılışını da bilmirəm: sünnü, yoxsa sünni?

Amma böyüməyin bir xeyri olub: artıq bilirəm ki, insan bunların birilə doğulmur. Bu, bir seçimdir. Təbii ki, öyrənərək, araşdıraraq, dini baxışlarına aydınlıq gətirərək.

Mən hələ də öyrənirəm...