Ölkə 15:23 27.08.2017

Silah anbarında partlayış: yaralıların adları açıqlandı (YENİLƏNİB/FOTO/VİDEO)

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub.

APA-nın şimal bürosuna əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Yaralıların vəziyyəti yaxşıdır, onlara zəruri tibbi yardım göstərilir.

***

13.39

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub.

Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.

Siyəzən Diaqnostika Mərkəzindən APA-nın şimal bürosuna bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.

***

13.01

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

 APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

11.50

Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib.

"Report"un Şimal burosu xəbər verir ki, təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.

Həmçinin əraziyə, Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub.

Bakı-Quba yolu bağlanıb.

***

11.15

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

APA-nın əldə etdiyi məlumata görə, hadisəyə yaxın yaşayış məntəqələrindən əhali evakuasiya olunur.  

***

10.57

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. 

"Qaynarinfo" xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Hadisə nəticəsində ərazidə partlayışlar müşahidə olunub. 

İnsidentin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

***

10.31

Siyəzən rayonu yaxınlığında silah anbarında baş verən yanğın güclü partlayışlara səbəb olub.

"Qaynarinfo" xəbər verir ki, bu barədə oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Əərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Qaynarinfo.Az