Ölkə 20:32 26.05.2018

Silahsız Azərbaycan deputatları: “Məni də öldürər, mühafizəçini də...”

Ukraynanın Çerkassı şəhərində "Batkivşina” Partiyasının ofisinə silahlı hücum olub.

Silahlı insident nəticəsində partiyanın deputatı Serqey Qura həlak olub. Deputatın cangüdəni travmatik tapançadan cavab atəşi açmağa çalışsa da, silahlı şəxs əl qumbarası çıxarıb və onu partladacağı ilə hədələyib. 

Silahlı şəxs Quranın baş və sinə nayihəsindən iki atəş açıb. Hadisənin təfərrüatı araşdırılır. Ukraynada baş vermiş hadisə Azərbaycanda da deputatların mühafizə və təhlükəsizlik məsələsini gündəmə gətirib. 

Ona görə də cebhe.info deputatların şəxsi mühafizəsinin necə təmin edildiyini soruşub. 

Məsələyə münasibət bildirən millət vəkili Siyavuş Novruz bildirib ki, mühafizəçiyə ehtiyac duymur: "Bunu o adamlardan soruşun ki, onların buna ehtiyacı var. Qismətdir, Allah nəsə qərar veribsə, ömrümüz də ora qədərdir. Amma mənim heç kəsdən qorxum yoxdur". 

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da bildirib ki, mühafizəçiyə üstünlük vermir: "Əgər kimsə qəsdimə durub məni öldürmək düşüncəsindədirsə, o mühafizəçini də öldürər, lap məni də. Allahın verdiyi ömürdür, bu ömür harda bitəcəksə, deməli ömrüm ora qədərmiş. Azərbaycanda qanunvericilik çərçivəsində deputatların mühafizə məsələsi təsbit olunmayıb. Ancaq deputatların silah gəzdirmək hüququ var. Şəxsi silahın verilməsi müxtəlif dövrlərdə olub, sonradan deputatlara silahın verilməsi dayandırıldı. Digər tərəfdən, Ukrayna ilə müqayisədə Azərbaycan sabit bir ölkədir, ölkədə kriminogen durum müsbətdir. Ona görə də mən Azərbaycanda bu cür halların olmasını istisna edirəm".