Ölkə 15:42 11.06.2013

Siqaretin içindən narkotik çıxdı

Biləsuvarda Azərbaycan vətəndaşının üstündə metamfetamin aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Sənəm Mürşüdovanın əl yüklərinə baxış keçirilib.

Baxış zamanı o, çantalardan birini yerdən götürüb yoxlanılması üçün masanın üzərinə qoymaq istəyərkən, əynindəki mantonun sinə hissəsindən 1 ədəd "G1" markalı siqaret qutusu yerə düşüb. Həmin siqaret qutusuna baxış zamanı qutunun içərisindən 2 ədəd bükümdə, ümumi xalis çəkisi 0,708 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edək ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr"in I Siyahısına daxildir.

Qaynar.info