Ölkə 10:17 16.10.2019

Siyahıyaalınmada 23 milyonla bağlı şübhəli məqamlar: Vüqar Bayramovun şərhi

Bu il oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıyaalınması prosesi həyata keçirildi və bununla bağlı yerli, eləcə də sosial mediada məlumatlar paylaşılaraq siyahıyaalınmanının hamını əhatə etməməsi barədə fikirlər müzakirələrə səbəb oldu.

Qaynarinfo-nun məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Prezidentinin fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmış və siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı:

"Bununla belə, həm sosial şəbəkələrdə gedən müzakirələr, həm də bizim beyin mərkəzinə edilən müraciətlər göstərir ki, siyahıyaalınmada iştirak etməyənlərin sayı heç də az deyil. Xüsusən qeyd etmək lazımdır ki, əhalinin siyahıyaalınması yalnız statistik, demoqrafik deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır.

BMT-nin Statistika Komissiyası əhalinin siyahıyaalınmasını qiymətləndirən zaman bunun sosial iqtisadi hadisə olduğunu bildirir. O baxımdan Azərbaycanda da siyahıyaalma iqtisadi siyasətin növbəti illərdə mövcud çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımdan vacibdir.

Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil (halbuki bunu rəsmi qeydiyyat ilə də müəyyənləşdirmək mümkündür), əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda qeyri-rəsmi məşğulluq, qeyri-leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacibdir. Halbuki bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində sadəcə bir siyahıyaalma deyil, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunmalıdır".

Ekspert əlavə edib ki, siyahıyaalma zamanı bütün vətəndaşlarımızın prosesdə fərqli səbəblərdən iştirak etməməsi mümkündür:

"Ancaq əgər həmin dövrdə xaricdə olmayan, evində olan, amma, siyahıya alınma ilə müraciət olunmayan vətəndaşlarımızın sayı çoxdursa, o halda bunun araşdırılmasına ehtiyac var.

Nəzərə alsaq ki, bu siyahıyaalınma Azərbaycanda növbəti illərdə, xüsusən də 2020-ci ildən sonra həyata keçiriləcək iqtisadi siyasətin konturlarını müəyyənləşdirilməsində çox vacib olacaqdır.

Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsindən bu məqsədlə 23,2 mln. manat vəsait ayrılıb. Deməli, hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik ayrılıb. Hər bir ailənin qeydiyyata alınmaması isə büdcədən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsində şübhələr yaradır".

V.Bayramov təklif edib ki, siyahıyaalmanı təşkili nəticələrinin qiymətləndirilməsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var:

"Bu komissiya siyahıyaalma prosesinin qiymətləndirilməsi və nəticələrinin monitirinq edilməsini həyata keçirirə bilər. Bu baxımdan əhatəlik dairəsi və eyni zamanda siyahıyaalmaya cəlb edilən işçilərin öz öhdəliklərini hansı səviyyədə yerinə yetirməsi məsələlərinin öyrənilməsinə və bununla bağli ictimaiyyətə məlumatın verilməsinə ehtiyac var.

2020-ci ildə "Strateji Yol Xəritəsi”nin birinci mərhələsi başa çatır və növbəti dövrdə Azərbaycanda yeni iqtisadi siyasi strategiya hazırlanacaq, tətbiq olunacaq . Bu yeni iqtisadi siyasi strategiyanın da 2020-ci ildən etibarən hazırlanması və növbəti illərdə tətbiq olunacağını nəzərər alsaq, siyahıyaalınmanın yekunları bu strategiyanın hazırlanması üçün ən vacib göstəricilərdən biri olmalıdır.

Siyahıyaalmanın nəticələrinin etibarlılığının artırılması, prosesdə həm yerli, həm xarici tədqiqat qruplarının, qərarvericilərin daha yaxından iştirakı üçün bu prosesə aydınlıq gətirilməsi və Nazirlər Kabinenti tərəfindən aparılmış işin ayrıca olaraq qiymətləndirilməsi və ictimaiyyətin məlumatlandırılması önəmlidir".