Ölkə 18:48 05.02.2013

Siyasi partiyalara qrant qadağası!

Azərbaycanda dini qurumlar, ictimai təşkilatlar (fondlar, birliklər), siyasi partiyalar, habelə xarici təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri qrant müqaviləsi, yaxud qrant haqqında rəsmi qərar olmadan maddi yardım qəbul edə bilməyəcəklər.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov açıqlamasında bildirib ki, bununla bağlı komitənin sabah keçiriləcək iclasında “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və eyni zamanda İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunacaq.

Dəyişiklik qüvvəyə mindiyi təqdirdə istər nağd, istərsə də köçürmə yolu ilə adları çəkilən heç bir qurum qrant haqqında müqavilə, yaxud qərar olmadan heç bir maddi vəsait qəbul edə bilməyəcək.

R. Cəbrayılovun sözlərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 223-cü maddəsinə dəyişiklik olunacaq: “Sadalanan birliklərin rəhbərləri müqavilə və qərar olmadan 200 manatdan yuxarı qrant, yaxud maliyyə dəstəyi alarsa, əmlakı müsadirə olunmaqla yüksək formada cərimə tətbiq olunacaq. Cərimələr vəzifəli şəxslər üçün 2500 manatdan 3500 manata qədər, hüquqi şəxslər üçün isə 10 000 manat miqdarında nəzərdə tutulub”.

APA