Siyasət 14:49 01.12.2017

Siyavuş Novruzov: “Ordunu dedi-qodu yuvasına çevirmək olmaz”

Azərbaycan həssas dövrdə yaşayır, torpaqlarının 20 faizi işğal altındadır. Ona görə də Silahlı Qüvvələr haqqında qanun tezliklə qəbul edilməlidir.

Qaynarinfo azadinform-a istinadla xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu yaxınlarda KTMT-nin sammitində yeni hərbi birləşmələrin yaradılması haqda razılıq əldə edilib və Ermənistan da təşkilatda təmsil olunur: "Ermənistan bir tərəfdən Avropa İttifaqı ilə saziş imzalayır, digər tərəfdən KTMT üzvüdür. Ermənistan istəyir ki, lazım olanda hər iki tərəfdən kömək ala bilsin. Bu Ermənistanın simasıdır, ikiüzlülüyüdür. Mövqesizlik prinsipindən çıxış edərək bu kimi hərəkətlərini davam etdirir”.

O həmçinin deyib ki, Silahlı Qüvvələrə bilavasitə nəzarət ali baş komandana aiddir və  dünya praktikasında, aparıcı dövlətlərdə, məsələn ABŞ-da da belədir. Deputat Silahlı Qüvvələrə parlament nəzarətinin olması ilə bağlı həmkarlarının təklifinə münasibətində deyib: "Türkiyədə gördük ki, ordu parlamentin nəzarətində olanda – Süleyman Dəmirəlin dövründə 8 dəfə dövlət çevrilişinə cəhd etdi”. 

S. Novruzov deyib ki, ordu cəmiyyətdən kənarda deyil, onun bir hissəsidir, lakin cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz: "Bu qanunda da öz əksini tapmalıdır. Əgər ictimai nəzarət ordunu dedi-qodu yuvasına çevirirsə, bu ictimai nəzarət faydasızdır. Hesab edirəm ki, Azərbaycan ordusunda həm təchizat, həm də fiziki və mənəvi hazırlıq baxımından vəziyyət yüksək səviyyədədir. Ordumuz Azərbaycanın suveren hüquqlarının bərpa olunmasına hazırdır”.