Ekonomiks 12:18 05.10.2018

“SOCAR Polymer” qeyri-neft ixracını 16% artıracaq - Direktordan önəmli açıqlamalar

Bu gün "SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki Polipropilen Zavodunun məhsullarının ölkədən ixracına başlanılır. 

"Report" xəbər verir ki, bunu "SOCAR Polymer"in baş direktoru Fərid Cəfərov bildirib.

O qeyd edib ki, ilkin olaraq 170 ton məhsulun Türkiyə bazarına ixracı nəzərdə tutulub. Zavodun ixrac həcminin ilin sonuna qədər 15 min tona çatdırılması planlaşdırılır. 

F.Cəfərovun sözlərinə görə, indiyə qədər zavodda 6 min tona yaxın polipropilen istehsal edilib. O, "SOCAR Polymer" layihəsinin uğurla həyata keçirilməsində dövlətin və ilk məhsulun uğurla ixracında "SOCAR Trading" şirkətinin rolunu qeyd edib: "Bu layihənin uğurla həyata keçirilməsi, ilk növbədə, dövlətin dəstəyi ilə oldu. Dövlətin vergi güzəştləri, infrastruktur dəstəyi sayəsində layihənin icrasında 200 mln. manata qənaət etməyə imkan yaranıb. Bu gün həyata keçirilən ilkin satışı da nəzərə alaraq SOCAR-ın ticari dəstəyini xüsusi vurğulamaq lazımdır. Bildiyiniz kimi, SOCAR-ın ticarət şirkəti "SOCAR Trading" yarandığı gündən indiyədək Azərbaycan neftinin digər markalı neftlərə, o cümlədən "Brent" neftinə nisbətən qiymətini artıraraq ölkə büdcəsinə, təqribən, 1,5 mlrd. ABŞ dolları əlavə gəlir gətirib. Biz də "SOCAR Polymer" olaraq böyük mərkəzləşmiş treydinq sisteminin parçası olmağın əhəmiyyətini görürük. Məlum olduğu kimi, yeni istehsalçılar, xüsusən də polimer istehsalçıları məhsullarını bazara çıxararkən bazar payı əldə etmək üçün ilkin olaraq məhsullarını 10-15% ucuz satmalıdırlar, lakin bizim məhsul ilk partiyadan başlayaraq orta bazar qiyməti ilə satılacaq və uzun müddətdə 100 mln.larla dollar əlavə gəlir gətirəcək".

F. Cəfərov Türkiyə ilə yanaşı gələcəkdə məhsulların Rusiya, Avropa,Ukraynaya ixracının da nəzərdə tutulduğunu əlavə edib.
 



"SOCAR Polymer" məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaq

 
Fərid Cəfərov bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən "SOCAR Polymer” layihəsinin polipropilen və yüksəksıxlıqlı polietilen məhsullarının ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə ixracını 16% artıracaq.

Onun sözlərinə görə, "SOCAR Polymer"in Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodlarının məhsulları üzrə illik satışın məbləği 350 mln. ABŞ dolları olacaq: "Məhsulların, təxminən, 75-80%-i ixrac olunacaq. İxrac üçün əsas prioritet Türkiyə bazarıdır. Bundan başqa, Rusiya, Avropa bazarlarına da ixrac nəzərdə tutulur. Türkiyə və Rusiyadan ilkin təkliflər alınıb".

"SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.

Bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen Zavodunun açılışı olub.Yüksəksıxlıqlı Polietilen Zavodunun isə bu ilin dekabr ayında istismara verilməsi gözlənilir.
 



"SOCAR Polymer"in Yüksəksıxlıqlı Polietilen Zavodu dekabrda açılacaq

"SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov onu da əlavə edib ki, illik istehsal gücü 120 min ton nəzərdə tutulan Yüksəksıxlıqlı Polietilen Zavodunun bu ilin dekabr ayında istehsala başlaması planlaşdırılır.

Onun sözlərinə görə, zavodun bu il dekabr ayının ortalarında, yaxud da sonunda istismara verilməsi nəzərdə tutulub.

O, zavodun məhsullarının əksər hissəsinin ixrac olunacağını, 35-40%-nin isə daxili tələbata yönəldiləcəyini qeyd edib.
 


Xatırladaq ki, bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen Zavodunun açılışı olub. 

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda genişçeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır.

"SOCAR Polymer”in Polipropilen Zavodunda bazar araşdırmasına əsasən, əsas 19 markada və 3 növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) polipropilen məhsulu istehsal olunacaq.

Polipropilen Zavodunun EPC (Mühəndislik, satınalma və tikinti) podratçısı İtaliyanın "Maire Tecnimont" şirkətidir. "SOCAR Polymer" şirkəti ilə "Tecnimont" şirkəti arasında Polipropilen Zavodu layihəsi üzrə Sabit Qiymətli EPC ilə bağlı Anlaşma Memorandumu 2015-ci il aprel ayında Bakıda imzalanıb. Müqavilənin ümumi dəyəri, təxminən, 350 mln. avrodur. Polipropilen Zavodu İtaliya şirkəti tərəfindən "Açar təslimi” əsasında inşa edilib.

Polipropilen istehsalı qurğusunun lisenziarı "Lyondell Basel" şirkətidir. Polipropilen istehsalında istifadə olunan texnologiya bu şirkətə məxsus "Spheripol” texnologiyasıdır.