Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı vacib hədəflərdən hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında qeyri-neft sektorunun inkişafı məsələsinə xüsusi diqqət ayrıldığını vurğulayıb. Bu sahəsinin inkişafı rəqəmlərdə də aydın nəzərə çarpır. Belə ki, bu ilin 8 ayında ölkənin qeyri-neft sektorunda 3%, qeyri-neft ixracında 17% artım qeydə alınıb. Gələn il Azərbaycanda qeyri-neft sektorunda artımın 3,3% səviyyəsində olacağı proqnozlaşdırılır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da qeyri-neft sektorunun inkişafı istiqamətində işlər görür. Qeyd edilməlidir ki, qeyri-neft sektorundakı artımda SOCAR-ın Sumqayıtda yerləşən Karbamid və "SOCAR Polymer”in Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının istehsal həcmləri böyük yol oynayır.
Bəs SOCAR-ın qeyri-neft sektorunun inkişafı üçün missiyası necə olmalıdır? Bu sahədə daha hansı işləri görməlidir?
İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi Azərbaycanda bütün dövlət qurumlarının, dövlət müəssisələrinin vəzifələrindən biridir. Bununla belə, onun fikrincə SOCAR-ın fəaliyyətinin təyinatına görə bu vəzifələr heç də ilk sıralarda dayanmır, SOCAR-ın öz öhdəlikləri var: "SOCAR neft sənayesinin inkişaf etdirilməsi, neft gəlirlərinin artırılması istiqamətində maksimum performansı təmin etməlidir. Çünki SOCAR Azərbaycan brendi olaraq dünya bazarında tanınan şirkətdir. SOCAR öz fəaliyyəti ilə Azərbaycanı beynəlxalq bazarlarda təmsil edir. Amma nəzərdə almaq lazımdır ki, Azərbaycanın neft strategiyası əsasən orta və uzunmüddətli dövrdə neft gəlirlərinin qeyri-neft sahəsinə transformasiyasında resurs asılılığının azaldılmasına hədəflənən strategiyadır. İqtisadiyyatın şaxələndirilməsi iki istiqamətdə - üfüqi və şaquli istiqamətdə aparılır”.
O qeyd edib ki, SOCAR iqtisadiyyatın şaquli istiqamətdə diversifikasiyası üçün müəyyən məsuliyyət daşıyır. Ekspert vurğulayıb ki, xam məhsulu dünya bazarlarına çıxarmaqla, müəyyən qədər emal prosesindən keçən məhsulu dünya bazarlarına təklif etmək arasında fərq var və mövcud olan çeşid üzərində çeşidləndirilmənin, emalın aparılması şaquli diversifikasiyadır və SOCAR-ın bu istiqamətdə öhdəlikləri var: "Resursun qısamüddətli satışındansa, onun uzunmüddətli dövrdə emal prosesindən keçirilib satışının təmin edilməsi yaradılan əlavə dəyərin həcmini əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, SOCAR müxtəlif digər istiqamətlərdə də əsas investor kimi iştirak edə bilər. Azərbaycan iqtisadiyatı, xüsusilə, istehsal mühiti demək olar ki, xam, işlənməmiş iqtisadiyyatdır. SOCAR kifayət qədər vəsaitlərinin idarə edilməsinə nəzarət edən qurumdur və investisiyalarının şaxləndirilməsi, yəni resursların istismarından əldə olunan gəlirlərin yönləndirilməsi istiqamətində qeyri-neft sektoruna çox ciddi yatırımlar edə bilər. Son illərdə SOCAR bu istiqamətdə addımlar atır”.
SOCAR milli iqtisadiyyatın formalaşması nöqteyi-nəzərdən böyük rol oynayan qurumdur
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov isə bildirib ki, SOCAR Azərbaycan iqtisadiyyatı üçün strateji sistem məzmunlu bir qurumdur: "SOCAR-ın Azərbaycan iqtisadiyyatının inkişafında rolu buna uyğun da olmalıdır. Bu şirkət faktiki olaraq Azərbaycan iqtisadiyyatının böyük hissəsini özündə cəmləşdirib. Azərbaycanın ÜDM-nin, dövlət büdcəsinin, tədiyyə balansındakı müsbət saldonun formlaşmasında neft sektorunun xüsusi rolu var. Amma dünyada baş verən proseslərə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi prosesi həyata keçirilir. Bunun üçün də qeyri-neftdən daha çox qeyri-xammal inkişaf etdirilməlidir. Bu inkişaf üçün də investisiyalar lazımdır, çünki dünya iqtisadiyyatında hansısa dayanıqlı, ciddi iqtisadi nailiyyətlərə çatmaq üçün investisiyalar son dərəcə önəmlidir. İnvestisiya resursları baxımından kreditləşmənin genişləndirilməsi prioritet rol oynamalıdır. Mən demirəm ki, burada bütün yük SOCAR-ın üzərinə düşməlidir. Amma müəyyən mənada SOCAR-a ümid etməliyik. Çünki SOCAR milli iqtisadiyyatın formalaşması nöqteyi-nəzərdən böyük rol oynayan qurumdur. Burada əsas məsələ ondan ibarətdir ki, SOCAR öz investisiya portfelinə malikdir”.
Professor bildirib ki, SOCAR-ın investisiya portfelində daha çox milli iqtisadiyyata yönəlik sahələrin, paketlərin olması son dərəcə önəmlidir və bu istiqamətdə addımlar atılır: "SOCAR daha çox çalışır ki, ölkə iqtisadiyyatına investisiyalar yatırsın. Burada ən önəmlisi proritetlərin müəyyənləşdirilməsidir, çünki iqtisadiyyat mürəkkəb prosesdir. Bəzi sahələrə yatırılan investisiyalarda effekt bir il, bəzilərində 10 il, bəzi sahələrdə 1%, bəzi sahələrdə 80% olur. Ona görə də burada investisiya siyasətinin düzgün formlaşdırılması, yüksək əlavə dəyər tutumlu sahələrə aid məhsulların istehsalı, eyni zamanda insan kapitalına yönəlik investisiyaların xüsusi çəkisinin artımı çox önəmlidir”.
O bildirib k, SOCAR-da sadalanan istiqamətlərdə işlər aparılıb: "İnanıram ki, yaxın illərdə SOCAR-ın bu istiqamətə yönələn işləri daha da artacaq. Burada neft-kimyasından, qaz kimyasından söhbət gedə bilər”.
Onun sözlərinə görə, SOCAR-ın potensialı və aidiyyatı dövlət dəstəyi də var. E. Məmmədov SOCAR-ın güclü investor kimi beynəlxalq imicinin də formalaşdığını vurğulayıb: "SOCAR Avropada, Türkiyədə, qonşu dövlətlərdə investisiyalar həyata keçirir. SOCAR Azərbaycanın brendidir və bu brend Azərbaycan iqtisadiyyatının, qeyri-neft yüksək texnoloji sektorun inkişafında bu brend aktiv iştirak etməlidir. İnanıram ki, görülən işlərin sayı daha da artacaq və neft-kimya, qaz-kimyası sahəsində daha böyük layihələrin şahidi olacağıq”.
Mənbə: fins.az
Şərhlər